REGİONLAR


Naxçıvanda cüdo üzrə seminar və təlim-məşq toplanışı keçirilib

Naxçıvan, 11 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyə və tapşırıqlarına əsasən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkilatçılığı ilə məşqçi-idmançılar üçün cüdo üzrə seminar və təlim-məşq toplanışı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində keçirilən seminara muxtar respublikanın perspektivli cüdoçuları və məşqçi-müəllimlər qatılıblar. Bakı şəhərindən dəvət olunmuş Azərbaycan Cüdo Federasiyasının regionlarda cüdonun inkişafı sektorunun müdiri, ikiqat Avropa çempionu Tərlan Poladov və Veteranlar Komitəsinin üzvü Vüsal Cəfərov cüdoçuların təlim-məşq prosesində iştirak ediblər. Məşqçilər yeniyetmə cüdoçulara yeni qaydalarla bağlı nəzəri və praktik məlumat veriblər.

Seminar barədə fikirlərini bildirən Tərlan Poladov qeyd edib ki, əsas məqsəd Azərbaycanda cüdonun inkişafına nail olmaqdır: “Bunun üçün ölkəmizdə bu idman növünün təbliği istiqamətində işlər görülür. Bu gün Naxçıvanda cüdonun inkişafı, gənclər arasında sevilməsi və insanlarda bu idman növünə marağın artırılması üçün hər bir şərait yaradılıb. Biz məşqçilər də mütəmadi olaraq nazirlik və federasiyanın dəvəti ilə muxtar respublikaya gəlir, məşqçi-müəllimlər və idmançılar üçün seminarlar, təlim-məşq toplanışları təşkil edirik. Eyni zamanda, yeni qaydalar barəsində də onları məlumatlandırırıq. Bu gün keçirilən seminarda 80-dən çox idmançı iştirak edirdi. Biz Naxçıvana hər dəfə gəlib idmançı sayını çox görəndə qürurlanırıq. Çünki muxtar respublikada cüdoya maraq böyükdür. Naxçıvan cüdoçuları ölkədaxili və beynəlxalq arenalarda qazandıqları uğurlarla cüdonun muxtar respublikada inkişafının daim diqqətdə saxlanıldığını əyani olaraq göstərirlər”.

Təlim-məşq toplanışı beş gün davam edəcək. Məşqçilər Naxçıvan şəhəri ilə yanaşı, Şərur və Culfa rayonlarında da məşqçi-müəllimlər və idmançılar üçün seminar keçirəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.