REGİONLAR
Naxçıvanda dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət rəsm sərgisi açılıb
Naxçıvan, 5 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” ilinə dekorativ-tətbiqi sənət ustalarının töhfələri” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edib. Bildirib ki, bu gün sənətə, sənət adamlarına böyük qayğı ilə yanaşılan muxtar respublikada mədəniyyətin bir çox sahələrində olduğu kimi, rəssamlıq sahəsində də nailiyyətlər, uğurlar qazanılıb. Ölkəmizin mədəni inkişafında fəal rol oynayan rəssamlarımızın bir çoxuna fəxri adların və mükafatların verilməsi onların fəaliyyətinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu gün naxçıvanlı rəssamların əsərləri təkcə Azərbaycan Respublikasında deyil, xarici ölkələrdə də sərgilənir. Burada təşkil edilən rəsm sərgisi isə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” ilinə həsr olunmuş sonuncu sərgidir.
Tədbirdə, həmçinin Türkiyənin Naxçıvandakı baş konsulu Mehmet Emin Kiraz, İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur Ayrom çıxış edərək bildiriblər ki, bu gün Naxçıvan rəssamları dünyada öz layiqli yerlərini tutublar. Onların əsərləri həm qardaş Türkiyədə, həm də İranda bəyənilir və sevilir.
Sonra sərgiyə baxış olub. Sərgidə 13 rəssamın ağac üzərində oyma, vitrajlar, dəmir üzərində döymə, duz üzərində oyma, bədii xalçalar, müxtəlif maketlər, loqolar və digər nümunələrdən ibarət 100-ə yaxın dekorativ tətbiqi sənət əsəri nümayiş etdirilir.
Sərgi noyabrın 10-da başa çatacaq.