REGİONLAR


Naxçıvanda dəmir yolu nəqliyyatı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub

Naxçıvan, 13 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 13-ü ölkəmizdə dəmiryolçuların peşə bayramı kimi qeyd olunur.

Ötən əsrin 90-cı illərində baş verən hadisələr, xüsusilə də erməni hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi və bir milyondan artıq azərbaycanlının qaçqın düşməsinə gətirib çıxaran təcavüz nəticəsində Azərbaycan dəmir yoluna da ciddi ziyan dəyib. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətinin məlumatında qeyd olunduğu kimi, ermənilər tərəfindən 240 kilometrdən çox dəmir yolu dağıdılıb, Mehri-Kərçivan sahəsində qatarların hərəkətinin dayandırılması nəticəsində Naxçıvan Muxtar Respublikası ölkənin əsas ərazisindən təcrid edilərək blokadaya düşüb və dəmir yolu əlaqəsi kəsilib.

1990-1993-cü illərdə muxtar respublikada yaşayan Ulu Öndər dəmir yolu infrastrukturunun dağılmasının qarşısını alıb, daxili yük və sərnişin daşınmasında dəmir yolu nəqliyyatından istifadə olunub. Ümummilli Liderin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra isə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dəmir yolu nəqliyyatı da özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu qayğıdan muxtar respublikanın dəmir¬ yolu təsərrüfatına da xeyli pay düşüb. Son illər Naxçıvan, Şərur, Şahtaxtı, Culfa, Ordubad sərnişin vağzalı binalarında, 12 stansiya idarəetmə mərkəzində, Cəmiyyət aparatının, eləcə də İnfrastruktur İdarəsinin inzibati binalarında, əlavə olaraq 20-yə yaxın inzibati və yardımçı binada yüksək səviyyədə əsaslı təmir işləri aparılıb.

İnkişaf Proqramı muxtar respublikada dəmir yolu nəqliyyatı infrastrukturunun güclənməsinə təkan verib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı” muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına təkan verib. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətinin məlumatında bildirilib ki, İnkişaf Proqramına uyğun olaraq mühüm dəmir yolu qovşağı olan Culfa stansiyasında yerləşən Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və Radiorabitə sexi binası əsaslı təmir edilərək istifadəyə verilib. Muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi istiqamətində görülən işlərin davamı olaraq Qarabörk və Vəlidağ stansiyalarında yükləmə və boşaltma meydanı yaradılıb. 2011-ci ilin may ayından isə Vəlidağ stansiyasından Qarabörk stansiyasına qum-çınqıl, Şahtaxtı stansiyasından isə Naxçıvan və Qarabörk stansiyalarına travertin-mərmər bloklarının daşınmasına başlanılıb. Həmçinin Culfa stansiyasında “Naxçıvan Terminalkompleks” Birliyi üçün 258 poqonometr, Naxçıvan stansiyasında isə 220 poqonometr uzunluğunda dəmir yolu xətti çəkilib.

Culfa sərhəd-keçid stansiyası ərazisində də yenidənqurma işləri aparılıb, Culfa dartı yarımstansiyasının binası əsaslı təmir olunub. Ötən müddətdə Naxçıvan, Ordubad, Şərur və Şahtaxtı stansiyalarında yolların və elektrik mərkəzləşdirmə qurğularının texniki vəziyyəti yaxşılaşdırılıb, qatarların təhlükəsiz hərəkəti təmin edilib. 2014-cü il dekabr ayının 26-da İnfrastruktur İdarəsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, Naxçıvan, Qarğalıq və Qıvraq dartı yarımstansiyalarında aparılan əsaslı təmir işləri başa çatdırılıb.

2016-cı ilin fevralın 23-də Tehran şəhərində “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Saziş imzalanıb. İmzalanan sazişə əsasən 2017-ci il dekabr ayının 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd qatarı fəaliyyətə başlayıb. Bununla əlaqədar Bakı şəhərindən 3 yeni sərnişin vaqonu gətirilib. Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd-buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə yeni müasir avadanlıqlar alınaraq quraşdırılıb, stansiyalarda əlavə olaraq miqrasiya və viza xidmətləri yaradılıb. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Avropa istehsalı olan 8 yeni oturacaq tipli sərnişin vaqonu alınıb gətirilib

Muxtar respublikada aparılan tikinti-quruculuq işlərinin geniş vüsət alması “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyindəki obyektlərin də simasını xeyli dəyişib. Bu tədbirlərin davamı olaraq 2018-ci il aprelin 2-də Ordubad dəmiryol sərnişin vağzalı və Yol Sahəsinin inzibati binaları, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binaları, yük anbarı, sərnişin və yük platformaları kompleks tikinti, yenidənqurma və əsaslı təmir işlərindən sonra istifadəyə verilib. Bakı şəhərindən Avropa istehsalı olan 8 yeni oturacaq tipli sərnişin vaqonu alınıb gətirilib. Vaqonlarda kombinasiya edilmiş istilik və soyutma sistemləri quraşdırılıb, sərnişinlərə internetdən, eləcə də televizorlardan istifadə etmək imkanı yaradılıb, hər vaqonda 2 nəzarət kamerası quraşdırılıb.

Xidməti ərazilərdə zəruri infrastruktur yaradılıb

Xidməti ərazidə zəruri infrastrukturun yaradılması və maddi-texniki təminatın yaxşılaşdırılması məqsədilə Ordubad-Culfa sahəsində hərəkət edən yük-sərnişin qatarlarında dartı vasitəsi kimi istifadə olunması üçün 2019-cu ildə 1 ədəd ÇME-3 seriyalı 6069 saylı yeni manevr teplovozu Gürcüstan və Türkiyə üzərindən keçməklə muxtar respublikaya gətirilib. Yaradılan şəraitin nəticəsidir ki, cari ilin 9 ayında cəmiyyət üzrə 98 min 290 sərnişin və 64 min 561 kiloqram yük daşınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Bu gün Ulu Öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda bütün sahələr inkişaf etdirilir. Bu inkişaf dəmir yolu nəqliyyatını da əhatə etmişdir. Hər bir müstəqil ölkədə ən vacib sahələrdən biri də dəmir yolu nəqliyyatıdır. Çünki dəmir yolu nəqliyyatının inkişafı ölkənin müstəqilliyinin və iqtisadi qüdrətinin göstəricisidir. Blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikada da dəmir yolu təsərrüfatı qorunub saxlanılmaqla yanaşı, həm də inkişaf etdirilir”.

Cari ildə vaqon və lokomotivlərin normal və fasiləsiz istismarının təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülərək Bakı şəhərindən zəruri ehtiyat hissələri tədarük edilib, Naxçıvan stansiyası ərazisində sərnişin vaqonlarının yuyulması üçün məntəqənin tikintisi başa çatdırılaraq uzunluğu 50 poqonometr olan dəmir yolu çəkilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən müddət ərzində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq işlər görülüb. Belə ki, dəmir yollarının əsaslı təmiri, yenidən qurulması və Türkiyə Respublikasının dəmir yolları ilə birləşdirilməsi məqsədilə Culfa-Sədərək sahəsində yeni iki tərəfli dəmir yolunun çəkilməsi istiqamətində ilkin layihələndirmə işləri həyata keçirilib.

Bütün inzibati, texniki və yardımçı, vağzal binalarında, həmçinin sərnişin vaqonlarında təhlükəli pandemiyaya qarşı zəruri qabaqlayıcı tədbirlər görülərək dezinfeksiya işləri həyata keçirilib və bu işlər davam etdirilir.

Dəmir yolu nəqliyyatı sisteminin idarə olunmasında ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr üçün müasir əyani dərs vəsaitləri ilə təmin olunan auditoriyalar istifadəyə verilib. Dəmiryolçu peşəsinin sirlərinin dərindən öyrənilməsi, praktik biliklərin artırılması və kadrların hazırlanması məqsədilə hər il tələbələr dəmir yolunun ayrı-ayrı strukturlarında istehsalat təcrübəsi keçirlər. Hazırda universiteti və kolleci bitirmiş 21 məzun dəmir yolunun bölmələrində müvafiq vəzifələrdə çalışırlar.

Zəngəzur dəhlizi muxtar respublikanın inkişafında mühüm rol oynayacaq

Ötən il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə ölkəmiz Vətən müharibəsinə başladı və rəşadətli ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək tarixi qələbə qazandı. Məğlub olan düşmən noyabrın 10-da kapitulyasiya haqqında Bəyanatı imzalamağa məcbur oldu. Üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunduğu kimi, regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, bölgədə yerləşən dövlətlərin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə yaradılacaq dəhliz vasitəsilə ölkəmizin qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi bərpa olunur. Dəhliz region dövlətlərinin istifadəsi üçün zəmin yaradacaq.

Bu il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvana növbəti səfəri zamanı Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olarkən Zəngəzur dəhlizinin əhəmiyyətini bir daha qeyd edərək deyib: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan, təqribən, 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki açılmalıdır və açılacaqdır”.

Bu il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzaladılar. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Sənəddə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin açılması və bunun davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi nəqliyyat-kommunikasiyalarının intensivləşməsinə töhfə kimi dəyərləndirilir.

Dəmir yolunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, yaradılan nümunəvi iş şəraiti, dəmiryolçulara göstərilən dövlət qayğısı onların əməyinə verilən ən yüksək qiymətdir. Belə ki, ötən illər ərzində dövlətimiz tərəfindən muxtar respublika dəmiryolçularının əməyi yüksək qiymətləndirilərək onlardan 2-si Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 1-i “Şöhrət” ordeninə, 3-ü “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adına layiq görülüb, 27-si isə “Tərəqqi” medalı ilə təltif olunub. Dəmiryolçular bundan sonra da işlərini günün tələbləri səviyyəsində quracaq, sərnişinlərə yüksək səviyyədə nəqliyyat xidməti göstərəcək və muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.

 

AZƏRTAC-ın Naxçıvan bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.