REGİONLAR


Naxçıvanda dövlət qulluğuna qəbulun müsahibə mərhələsi başlayıb

Naxçıvan, 25 yanvar, AZƏRTAC

Naxçıvanda dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsi başlayıb. Müsahibəyə hazırlıq məqsədi ilə yanvarın18-də Dövlət İmtahan Mərkəzində 18 müstəqil ekspert və 16 dövlət orqanını təmsil edən nümayəndələrin iştirakı ilə seminar keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsahibə qrupunun tərkibinə müstəqil ekspertlər, mərkəzin və dövlət orqanlarının nümayəndələri daxildir. Müsahibə zamanı namizədlərə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünya görüşünə uyğun suallar verilir. Müsahibə mərhələsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə prosesinin videoçəkilişi aparılır.

Müsahibə başa çatdıqdan dərhal sonra namizədə yekun bal arayışı hazırlanır və şəxsi işinə əlavə olunur. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizəd haqqında məlumatlar mərkəzin müşayiət məktubu ilə müvafiq dövlət orqanına təqdim edilir. Müsahibənin nəticələri haqqında məlumatlar mərkəzin rəsmi internet portalında yerləşdirilir.

Qeyd edək ki, 22 dövlət orqanı tərəfindən müsabiqəyə çıxarılan 169 vakant vəzifənin tutulması üçün 696 namizəd sənəd təqdim edib. Test mərhələsində iştirak edən 606 namizəddən 267-si müvafiq keçid balını toplayıb.

Müsahibə mərhələsinə, ümumilikdə, 253 namizəd qeydiyyatdan keçib. Həmçinin əvvəlki müsabiqələrdə qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 8 namizədin müraciəti nəzərə alınaraq onların müsahibə mərhələsində iştirakları təmin olunub. Ən sıx müsabiqə vəziyyəti “ASAN xidmət” Mərkəzinin Vətəndaşların qəbulu işinin təşkili sektorunun aparıcı məsləhətçisi vəzifəsi üzrə yaranıb – 64 namizəd. Eyni sektorda böyük məsləhətçi vəzifəsinin tutulması üçün 20 namizəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühit və təbii sərvətlərdən istifadəyə dövlət nəzarəti şöbəsinin Kəngərli rayonu üzrə məsləhətçisi vəzifəsinin tutulması üçün isə 15 namizəd mübarizə aparacaq. İlk dəfə keçirilən dövlət teleradio və mətbuat orqanlarında işə qəbul üçün müxtəlif vəzifələr uğrunda 7 namizəd müsahibə mərhələsində iştirak edəcək.

Dövlət orqanları üzrə müsahibələr mərkəzin rəsmi internet portalında yerləşdirilmiş qrafikə uyğun olaraq fevralın 9-na qədər davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.