REGİONLAR


Naxçıvanda dövlət qulluqçularının andiçmə mərasimi olub

Naxçıvan, 7 may, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının təntənəli andiçmə mərasimi keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərində yerləşən Dövlət Bayrağı Muzeyində keçirilən tədbirdə Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli çıxış edərək Naxçıvan Muxtar Respublikasında davamlı tərəqqiyə və yüksəlişə doğru aparılan uğurlu siyasətin dövlət qulluğu sahəsinin inkişafı üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.

Qeyd edilib ki, mərkəz tərəfindən 2011-ci ildən bugünədək dövlət qulluğunda inzibati vəzifələrin tutulması üçün keçirilmiş 20 müsabiqədə 6866 namizəd iştirak edib, onlardan 1365 nəfəri uğur qazanaraq müvafiq vəzifələrə təyin olunub. Muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının təqribən 38,4 faizi Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqələrdə uğur qazanmış dövlət qulluqçularıdır. Mərkəz tərəfindən indiyədək müxtəlif dövlət orqanlarına işə qəbul üçün keçirilmiş 97 müsabiqədə 18 minə yaxın namizəd iştirak edib, onlardan 8 mindən çoxu test imtahanlarında müvəffəqiyyət qazanıb.

Gənc dövlət qulluqçusu, imtahanlarda yüksək nəticə göstərən Ağır Cinayətlər Məhkəməsinə işə qəbul olunan Ləman Vəliyeva çıxış edərək bu gün muxtar respublikada gənclərin inkişafı və özünütəsdiqi üçün zəruri şəraitin yaradıldığını vurğulayıb.

Sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında yeni vəzifələrə təyin olunmuş namizədlər təntənəli surətdə and içiblər.

Dövlət İmtahan Mərkəzinin sədri onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edilib, xatirə şəkli çəkdirilib.

Mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə də tanış olublar.

Xatırladaq ki, müsabiqəyə 205 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 571 namizəd sənəd təqdim edib. Müsabiqənin test imtahanları mərhələsində 559 namizəd iştirak edib, 326 namizəd keçid balını toplayıb. Test imtahanında və müsahibə mərhələsində müvəffəqiyyət qazanmış namizədlərdən 84-ü vakant vəzifələrə təyin olunub. Onlardan ilk dəfə dövlət qulluğuna qəbul edilmiş 71 nəfər andiçmə mərasimində iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.