REGİONLAR
Naxçıvanda əhalinin işlə təminatı diqqət mərkəzindədir
Naxçıvan, 12 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin birinci yarısında aktiv məşğulluq tədbirləri davam etdirilib.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə 1299 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 6 şəxs kvota yerlərinə göndərilib, 136 nəfər haqqıödənilən ictimai işə cəlb olunub. İşlə təmin edilənlərdən 56-sı məhdud fiziki imkanlı şəxs, 1-i cəzaçəkmə müəssisəsindən azad edilən, 4-ü isə hərbi xidmətdən yeni tərxis olunanlardır. Qeyd olunan dövrdə kəndlərdəki xidmət mərkəzlərində 44 nəfər, keçirilən əmək yarmarkalarında isə 206 işaxtaran peşə və ixtisasına uyğun işlə təmin olunub.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunub, kurslara 207 nəfər cəlb edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən iyunun 14-də Şərur, Babək, Ordubad və Culfa rayonlarından olan və uzun müddət ünvanlı dövlət sosial yardımı alan 15 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün cins inəklər verilib.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsili, sosial reabilitasiyası və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji, multisensorlu, təlim-bərpa, psixoloji dəstək və əmək terapiyası xidmətlərinə 148 uşaq cəlb edilib. Hərəkət qabiliyyəti məhdud 2 uşaq üçün isə distant tədris təşkil olunub. Tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 60 uşaq Ağbulaq İstirahət Mərkəzinə göndərilib.
Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 133 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 142 uşağın müalicəsi təşkil edilib. Həmçinin sağlamlıq imkanları məhdud 40 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 50 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunub, məhdud fiziki imkanlı 182 nəfərə səyyar protez-ortopedik xidmət, 22 nəfərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına, 19 nəfərin respublika daxilində müalicəsinə maddi köməklik göstərilib.
Paralimpiya Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərində şahmat, üzgüçülük, qolbol, boccia, tennis və bədii gimnastika bölməsi, Şərur rayonunda 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlardan ibarət bədii gimnastika, üzgüçülük, masaüstü tennis, atıcılıq və şahmat bölməsi, Ordubad rayonunda şahmat və basketbol bölmələri, Culfa rayonunda şahmat və futbol bölməsi, Şahbuz rayonunda şahmat bölməsi, Kəngərli rayonunda şahmat, voleybol və futbol bölmələri fəaliyyətə başlayıb. Müvafiq dövrdə sağlamlıq imkanları məhdud şəxslər arasında boccia və pauerliftinq, futzal, armreslinq üzrə yarış təşkil edilib.