REGİONLAR


Naxçıvanda ərzaq məhsullarının saxlanması üçün ümumi tutumu 18 min ton olan anbar yaradılıb

Naxçıvan, 14 sentyabr, AZƏRTAC

Dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına Naxçıvan Muxtar Respublikasında yanacaq və taxıl anbarları istisna olmaqla, soyuducu və digər təyinatlı ərzaq məhsullarının saxlanması üçün ümumi tutumu 18 min ton olan anbar yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda nazir Famil Seyidov məlumat verib.

Muxtar respublikanın iqtisadiyyat naziri bildirib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə İqtisadiyyat Nazirliyinin qarşısında da bir sıra vəzifələr qoyulub. Bu məqsədlə muxtar respublikada daxili bazarın qorunması, kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması, soyuducu anbar və istixanalardan səmərəli istifadə etməklə əhalinin tələbatının tam ödənilməsinə nail olunması istiqamətində icra planı hazırlanıb.

Qeyd edilib ki, mövsümə hazırlıqla əlaqədar meyvə-tərəvəz məhsullarının tədarük olunması istiqamətində kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərlə birgə soyuducu anbarların və istixana komplekslərinin sahibkarları arasında maarifləndirmə işləri aparılıb, tələbatdan artıq istehsal olunan meyvə və tərəvəz məhsullarının anbarlara tədarük edilməsi məqsədilə kütləvi informasiya vasitələrində elanlar verilib, istehsalçı və tədarükçü sahibkarların fəaliyyətinin əlaqələndirilməsi təmin edilib.

İlk növbədə, anbarlarda cari təmir və avadanlıqlara texniki baxış aparılıb. Hazırda soyuducu anbarlarda kartof və soğan 35-40, alma isə 70-80 qəpiyə tədarük olunur.

“Əhalinin qış aylarında tərəvəz məhsulları ilə təmin olunması mühüm məsələlərdən biridir. Bu sahəyə göstərilən diqqət nəticəsində muxtar respublikada 127 min 162 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 21 istixana təsərrüfatı fəaliyyət göstərir”, – deyən nazir diqqətə çatdırıb ki, muxtar respublika ərazisində ötən müddət ərzində istixana komplekslərində 509 ton tərəvəz məhsulları istehsal edilərək satışı həyata keçirilib.

Vurğulanıb ki, payız-qış mövsümünə hazırlıq məqsədilə dövlət müəssisə və təşkilatlarının keyfiyyətli ərzaq məhsulları ilə təminatı diqqət mərkəzində saxlanılıb. Hazırda “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin anbarlarında 65 min manat dəyərində ərzaq məhsulları mövcuddur. Bundan əlavə, meyvə-tərəvəz istehsalçılarının fəaliyyətinin stimullaşdırılması üçün cəmiyyət tərəfindən meyvə qurutma və cem istehsalı sahələrinin yaradılmasına başlanılıb.

Sonra məruzə ətrafında çıxışlar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.