REGİONLAR
Naxçıvanda əsgərlərə bayram sovqatı aparılıb
Naxçıvan, 21 iyul, AZƏRTAC
Şərur Rayon İcra Hakimiyyətinin kollektivi Qurban bayramı münasibətilə Kəngərli rayon ərazisində yerləşən hərbi hissədə olub, hərbçilərə bayram sovqatı aparıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əsgər və zabitlərlə görüş zamanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Nuran Əzizov bu il Qurban bayramının xalqımız üçün daha əlamətdar olduğunu vurğulayıb. Bildirib ki, ötən il Vətən müharibəsində tarixi qələbə qazanmışıq və bunun əsasında xalqımızın birliyi, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti dayanır. Bu qələbə dövlət-xalq-ordu birliyini, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi.
Hərbi hissənin zabiti, mayor Nurlan Bayramov göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib, əhali ilə ordunun sıx birliyinin əsgərlər üçün mənəvi dayaq olduğunu diqqətə çatdırıb.
Sonra yaşıllaşdırma aksiyaları çərçivəsində Şərur ərazisində salınmış meyvə bağlarından tədarük edilən 4 tondan artıq alma hərbi hissəyə təhvil verilib.