REGİONLAR
Naxçıvanda fənn kurikulumları ilə bağlı növbəti təlim kursuna başlanılıb
Naxçıvan, 26 oktyabr, AZƏRTAC
Naxçıvanda fənn müəllimlərinin peşəkarlığının artırılmasına və dərslərin daha yüksək keyfiyyətdə tədrisinə kömək etmək məqsədilə “Ümumi və tam orta təhsil səviyyəsi üzrə fənn kurikulumlarının tətbiqi” mövzusunda növbəti təlim kursuna başlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində informatika fənni üzrə keçirilən təlim kursunu Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin informatika müəllimi Firuzə İsmayılova aparıb.
Firuzə İsmayılova qeyd edib ki, təhsil kurikulumları cəmiyyətin tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlüdür. Bu üsul müəllim fəaliyyətinin idarə olunması, dəyərləndirilməsi baxımından əhəmiyyət daşıyır. Müəllimlər tədris fəaliyyətinin layihəsini hazırlamaqda, plan qurmaqda, fəaliyyət məqsədlərini həyata keçirməkdə daha müstəqil olurlar. Kurikulum təlim metodunda fənnin məzmunu nəticəyönümlü yanaşma əsasında müəyyən olunub və əsas diqqət şagird və tələbələrin nümayiş etdirməli olduğu fəaliyyətlərə yönəldilib.
Vurğulanıb ki, informatika fənni üzrə təhsil proqramında (kurikulumda) təlim standartları məzmun xətləri üzrə verilir. İnteraktiv xarakterə malik olan bu məzmun müxtəlif biliklərin bir-biri ilə əlaqəsinin təkcə informatika fənni daxilində deyil, həmçinin digər fənlərdə və real həyatda olduğunu anlamağa imkan verir. İnformatikanın tədrisi zamanı ümumiləşdirmə, konkretləşdirmə, analiz, sintez, təsnifetmə və sistemləşdirmə kimi əqli mühakimə üsullarından istifadə olunur ki, bu da şagirdlərin məntiqi təfəkkürünün inkişafını sürətləndirir, onların məntiqi mühakimə yürüdə bilmək bacarıqlarını, alqoritmik təfəkkürlərini inkişaf etdirir.
Təlim kursunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fənnin tədrisi ilə əlaqədar müzakirələr aparılıb.
Kurslar noyabrın 2-dək davam edəcək. Naxçıvan Dövlət Texniki Kollecinin, Naxçıvan Musiqi Kollecinin və Naxçıvan şəhər ümumtəhsil məktəblərinin müəllimləri üçün keçirilən təlim kurslarında Azərbaycan dili və ədəbiyyat, fizika, kimya, riyaziyyat, coğrafiya, biologiya, xarici dil, tarix və informatika fənləri üzrə 147 müəllim iştirak edir.