REGİONLAR
Naxçıvanda fövqəladə halların qarşısının alınması istiqamətlərini müəyyənləşdirən yeni atlas maraqla qarşılanıb
Naxçıvan, 31 may, AZƏRTAC
Fövqəladə hal risklərinin artması insanların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi işini mühüm vəzifəyə çevirib. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri böyük əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Musiqi Kollecində atlasın müzakirəsi zamanı səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova yeni nəşrin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il martın 17-də imzaladığı Sərəncamına əsasən, yüksək səviyyədə hazırlanaraq işıq üzü gördüyünü bildirib. Müvafiq dövlət orqanlarının əlaqəli şəkildə fəaliyyətinin nəticəsi olan atlasda təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin və digər infrastruktur obyektlərinin mühafizəsi, təbii fəlakətlərin, texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin praktik olaraq planlaşdırılması və həyata keçirilməsi müəyyən edilib. Eyni zamanda, atlasda muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilər, infrastruktur obyektləri barədə məlumatlar, müxtəlif miqyaslı inzibati və coğrafi xəritələr verilib.
“Yeni nəşr muxtar respublika ərazisində ehtimal edilən təbii, texnogen xarakterli fövqəladə hallar, aqroiqlim təhlükələri və sosial-bioloji risklər haqqında ensiklopedik məlumatları, elmi bilikləri özündə ehtiva edən normativ-metodik və tənzimləmə xarakterli vəsaitdir”, - deyən Natəvan Qədimova qeyd edib ki, atlas hazırlanarkən mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində normativ-hüquqi aktlara istinad edilib, statistik məlumatlardan, arxiv sənədlərindən, müvafiq xəritə və sxemlərdən istifadə olunub. Bu isə, öz növbəsində, muxtar respublikanın hər bir sakininin yaşadığı ərazidə baş vermiş təbii və texnogen fəlakətlər haqqında müfəssəl məlumat əldə etməsi deməkdir.
Diqqətə çatdırılıb ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə nəşr olunan atlas fövqəladə halların qarşısının alınmasına və mülki müdafiə işinin təşkilinə öz töhfəsini verəcək.
Nazir çıxışının sonunda “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşrinə göstərdiyi hərtərəfli dəstəyə və yüksək dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova tədbir iştirakçıları adından dərin minnətdarlığını bildirib.
Sonra Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyəti sədrinin müavini Şamı Abdullayevin, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyətinin üzvü Hafiz Yaqubovun, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilovun, Naxçıvan Musiqi Kollecinin Fövqəladə Hallar Komissiyasının sədri Vüsal Camalovun çıxışları olub.