REGİONLAR
Naxçıvanda futbolun inkişafı üçün lazımi şərait yaradılıb
Naxçıvan, 19 iyun, AZƏRTAC
Bu gün Naxçıvanda futbolun inkişafı, kütləviliyinin təmin olunması üçün lazımi şərait yaradılıb. Məşqçi-müəllimlər, eləcə də bu sahə ilə yaxından maraqlananlar bundan səmərəli istifadə edərək muxtar respublikada futbolun inkişafına töhfə verməlidirlər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər muxtar respublikanın Futbol Federasiyasının Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında keçirilən növbəti yığıncağında səsləndirilib.
Yığıncaqda şəhər və rayonlarda fəaliyyət göstərən uşaq futbolu üzrə məşqçilər iştirak ediblər.
İclasda çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarının icrası nəticəsində muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən rayon və kəndlərimizdə stadionlar yenidən qurularaq uşaq, yeniyetmə və gənclərin ixtiyarına verilib. Bu, idmana, idmançılara göstərilən dövlət qayğısının bariz nümunəsidir. Stadionların bərpası uşaq və yeniyetmələrin, gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında müstəsna rol oynayır. Eyni zamanda, bu stadionlarda keçirilən yarışlar, turnirlər istedadlı gənclərin üzə çıxarılmasına şərait yaradır.
Sonra məşqçilərin fikirləri dinlənilib, müzakirələr aparılıb.
Müzakirələrin əhəmiyyətini vurğulayan Azad Cabbarov qeyd edib ki, qarşıdakı mövsümdən etibarən Naxçıvan Muxtar Respublikasında futbol üzrə uşaq liqaları təşkil olunacaq. Dünya praktikasında olduğu kimi, liqalardakı oyunlar 10-14 yaşlı futbolçular arasında keçiriləcək. Komandaların heyətində istedadlı futbolçular seçiləcək və onlar muxtar respublikanı yığma komanda halında ölkə və beynəlxalq yarışlarda təmsil edəcəklər. Qarşıdakı günlərdə artıq liqaların əsasnaməsi, oyun qrafikləri hazırlanacaq.
Federasiya sədri uşaq liqalarına nəzarəti məşqçi Sakit Rzayevə həvalə edib. Hakimlər Komitəsinin də yeni tərkibi müəyyənləşib və komitənin sədri Elmar Rzayev seçilib.
Bildirilib ki, növbəti aydan etibarən hakimlərin məşqlərinə start veriləcək. Məşqləri Bakıdan dəvət olunacaq təcrübəli hakimlər aparacaqlar. Eyni zamanda, hakimlərimiz növbəti mövsümdən etibarən ölkə birinciliklərində oyunlara təyinat almaları üçün seminarlara göndəriləcəklər.
Azad Cabbarov vurğulayıb ki, növbəti ayda federasiyanın yeni yığıncağı təşkil olunacaq və komandaların məşqləri başlayacaq. Məşqçilərin təcrübələrini artırmaq məqsədilə Azərbaycanın tanınmış futbol mütəxəssisləri Naxçıvana dəvət olunacaq, seminarlar, kurslar təşkil ediləcək. Həmçinin gənc məşqçilər təcrübə keçmək üçün digər klubların təlim-məşqlərinə də qatılacaqlar.
Sonda Futbol Federasiyasının sədri muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edərək bildirib ki, federasiya bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracaq.