REGİONLAR


Naxçıvanda gömrük əməkdaşları üçün növbəti kurs təşkil olunub

Naxçıvan, 20 mart, AZƏRTAC

İdxal olunan ərzaq məhsullarının genetik modifikasiyaya məruz qalmasının dəqiqliklə yoxlanılması üzrə yeni metodları öyrənmək və muxtar respublikada qida təhlükəsizliyini daha etibarlı şəkildə təmin etmək məqsədilə Türkiyə Respublikasının “Ek-İm” firmasından dəvət olunmuş GMO mütəxəssisi Məhəmməd Gökçənin rəhbərliyi ilə Naxçıvanda növbəti kurs təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Türkiyə Respublikasında mövcud olan GMO laboratoriyalarının 80 faizinin qurulmasını təmin etmiş həmin firma bu sahədə ən təcrübəli heyətə malikdir.

Beşgünlük tədris kurslarının nəticəsi olaraq Naxçıvan Gömrük Ekspertizası İdarəsinin əməkdaşları genetik modifikasiyaya məruz qalmış kənd təsərrüfatı məhsulları, o cümlədən belə kənd təsərrüfatı məhsullarından hazırlanmış ərzaq məhsulları və hətta az miqdarda bu məhsullardan istifadə olunmaqla istehsal edilmiş ərzaq məhsullarında transgenləri tam şəkildə təyin etməyi öyrəniblər. Bu məqsədlə lazımi reaktiv və etalon reagentlər Fransanın “Evrofins” şirkətindən alınıb.

Kurs çərçivəsində ət məhsullarında halal standartlarının təyini üzrə metodlar da tədris olunub. Əməkdaşlar qida məhsullarında istifadə olunan ət və yağların mənşəyini müəyyən etməyi öyrəniblər. Kursun sonunda qiymətləndirmə aparılıb və iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Bu məqsədlə 2012-ci ildə yaradılan Naxçıvan Gömrük Laboratoriyası Cənubi Qafqazda GMO məhsulların təyini üzrə ən müasir laboratoriyadır.

Naxçıvan gömrük laboratoriyası tərəfindən keyfiyyət göstəricilərinin təyini ilə bağlı aparılan analizlərin nəticələrinin xarici ölkələrdə də tanınması istiqamətində işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.