REGİONLAR


Naxçıvanda güc çoxnövçülüyü üzrə birinciliyin qalibləri mükafatlandırılıb

Naxçıvan, 9 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında keçirilən güc çoxnövçülüyü üzrə birinciliyə yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, nazirliyin idman cəmiyyətinin zalında keçirilən yarışda 16 komandanın 108 idmançısı mübarizə aparıb. İdmançılar iki növdə – ağırlıq daşlarını qaldırma və qol güləşində qüvvələrini sınayıblar.

Yarışın bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov bildirib ki, bu gün Naxçıvanda idman və gənclər siyasəti Ali Məclisin Sədri Vasif Talıbov tərəfindən uğurla həyata keçirilir. Muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gəncləri idmana cəlb etmək üçün müasir idman infrastrukturu yaradılıb, maddi-texniki baza gücləndirilib və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər görülüb. Muxtar respublikada görülən abadlıq-quruculuq işləri çərçivəsində hər il yeni idman obyektləri inşa olunur. İdman sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin və yaradılan şəraitin məntiqi nəticəsidir ki, bu gün muxtar respublika mötəbər idman turnirlərinin, müxtəlif beynəlxalq və ölkə səviyyəli yarışların keçirildiyi məkana çevrilib.

Nazir diqqətə çatdırıb ki, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların düzgün həyat tərzinə yönləndirilərək zərərli vərdişlərdən uzaq tutulması, həmçinin istedadlı gənclərin üzə çıxarılması sahəsində mühüm işlər görülür. Bu gün Naxçıvanda müxtəlif idman növləri üzrə fəaliyyət göstərən 12 idman federasiyasına hərtərəfli dövlət qayğısı göstərilərək, fəaliyyətlərini yüksək səviyyədə qurmaları üçün tam şərait yaradılıb.

Qeyd olunub ki, keçirilən birinciliyin məqsədi polis əməkdaşları arasında fiziki gücü, dözümlülüyü inkişaf etdirmək və ölkə birinciliyində çıxış edəcək heyəti formalaşdırmaqdır.

General-leytenant Fazil Ələkbərov yarışda uğur qazanan polis əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.

Birinciliyin yekun nəticəsinə görə, ağırlıq daşlarını qaldırmada Rəşad Həsənov, Kənan Əliyev, Mütəllim Əliyev, Sakit Məmmədov, Sərxan Zeynalov, Cavanşir Yaqubov və Rauf Vəliyev öz çəki dərəcələrində qalib adını qazanıblar. Qol güləşində isə Rəşad Həsənov, Cavid Əhmədov, Rəcəb Məmmədov, Elvin Mütəllimov, İlkin Həsənov, Vəli Şirəliyev və Allahverdi Qəribov rəqiblərini məğlub ediblər.

Komanda hesabında isə müvafiq olaraq ilk üç pillədə Daxili Qoşunlar, Naxçıvan Şəhər Polis İdarəsi və Daxili İşlər Nazirliyinin komandaları qərarlaşıb.

Sonda qaliblər mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.