REGİONLAR
Naxçıvanda hərbi hissə və sərhəd zastavasına kənd təsərrüfatı məhsulları təqdim olunub
Naxçıvan, 5 fevral, AZƏRTAC
Xalq-ordu birliyini özündə əks etdirən tədbirlərin davamı kimi sahibkarlar tərəfindən 5500 kiloqram kənd təsərrüfatı məhsulu əsgərlərə təqdim olunub.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikanın Şərur rayonunun Aralıq kənd sakini Əmir Əsədov, Məmmədsabir kənd sakini Əli Rüstəmov və “N” hərbi hissəsinin giziri Sərvan Məmmədov tərəfindən 3 ton sarımsaq, 1700 kiloqram turp və 800 kiloqram kartof hərbi hissə və sərhəd zastavasına hədiyyə edilib.
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zastavasında şəxsi heyətlə görüş zamanı dövlət qayğısından və xalq-ordu birliyindən danışılıb.
Sonda gətirilmiş sovqat hərbi hissə və zastavanın anbarlarına təhvil verilib.