REGİONLAR
Naxçıvanda icbari sığortalar sahəsində görülmüş işlər müzakirə olunub
Naxçıvan, 26 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikada icbari sığortalar üzrə görülmüş tədbirlər nəticəsində 1 aprel 2018-ci il tarixə olan məlumata görə, ümumilikdə, sığorta növləri üzrə sahibkarlarla 1508 müqavilə bağlanıldığını qeyd edib. Bunlardan 942-si sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə, 566-sı isə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə müqavilədir.
Hikmət Əsgərov diqqətə çatdırıb ki, göstərilən icbari sığorta növləri üzrə bəzi sahibkarların vaxtında sığorta müqavilələri bağlamaqdan yayınma halları vardır. Belə hallara yol verilməməsi və sığorta müqavilələrinin vaxtında bağlanılaraq sahibkarların öz üzərlərinə düşən vəzifələri yerinə yetirməsini təmin etmək üçün izahat və maarifləndirmə işləri genişləndirilməlidir.
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov qanunauyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən icbari sığortalar üzrə müqavilələrin bağlanılmasına nəzarətin gücləndirilməsinin zəruriliyini qeyd edib, bu sahədə nazirliyin üzərinə düşən vəzifələrdən danışıb.
Tədbirdə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədov və şəhər, rayon Dövlət Sığorta agentliklərinin direktorları və rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin rəisləri çıxış edərək görülən işlərdən söz açıblar.