REGİONLAR


Naxçıvanda ilk - gözoxşayan möhtəşəm bir məkanda Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb

Naxçıvan, 30 noyabr, AZƏRTAC

Gündən-günə çiçəklənən, böyük nailiyyətlərə imza atan qədim Naxçıvanda turizmin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2018-ci il 29 noyabr tarixli “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamı da doğma diyarımızda bu sahədə görülən kompleks tədbirlərin tərkib hissəsidir.

Turizm ehtiyatlarımızın gizli qalmış potensialının üzə çıxarılmasına əsaslı töhfə

Həmin sərəncama əsasən, muxtar respublikanın füsunkar bölgələrindən biri olan Şahbuz rayonunda yaradılacaq Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi kənd turizminin inkişafını daha da sürətləndirəcək, ona yeni çalarlar qatacaqdır. Dövlət sənədində qeyd olunduğu kimi, əlverişli təbii-coğrafi şəraiti və havası, zəngin flora və fauna ehtiyatı olan, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Ağbulaq kəndi kənd turizmi üçün böyük potensiala malik olduğuna görə ötən illər ərzində burada mühüm tədbirlər həyata keçirilib. Ağbulaq kəndində fasiləsiz elektrik enerjisi ilə təminat, təbii qaz xəttinin, telefon rabitəsinin və internetin mövcudluğu, yeni yolun çəkilməsi, məktəb binasının, kənd və xidmət mərkəzlərinin, tibb məntəqəsinin tikilib istifadəyə verilməsi kəndin turizm imkanlarını xeyli artırıb, Ağbulaq İstirahət Mərkəzi yaradılıb. Kənddə ekoloji cəhətdən təmiz qida məhsullarının istehsalı üçün də tədbirlər görülüb, meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilib.

Ağbulaqda turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər 2018-ci ildə də davam etdirilib, kənddəki evlər yenidən qurulub, dam örtükləri və fasadlar yenilənib, turistlərin qəbulu üçün lazımi kommunal-məişət şəraiti yaradılıb, təsərrüfat binaları tikilib. Bundan əlavə, kənddə Ağbulaq Xizək Mərkəzinin yaradılmasına başlanılıb.

Bütün bunlar Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılmasına geniş imkanlar açıb. Məhz buna görə də Ali Məclis Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamında Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin turist marşrutuna daxil edilməsi və tanıdılması ilə bağlı tədbirlər görülməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində təbiətin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsinin təmin edilməsi, sərəncamdan irəli gələn məsələlərin həlli isə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.

Muxtar respublikada ilk dəfə olaraq yaradılan Kənd Turizm-İstirahət Bölgəsi turizmin daha da inkişaf etdirilməsinə və bölgədə turizmin bir çox növlərinin gizli qalmış potensialının üzə çıxarılmasına əsaslı töhfələr verəcək.

Kənd turizminin inkişafında mühüm rol oynayan füsunkar məkan

Bu gün Naxçıvan-Şahbuz turizm marşrutunun Şahbuz-Ağbulaq istiqaməti üzrə səyahətə çıxan turistlər bir anda təbiət gözəllikləri ilə insan əli möcüzələrinin vəhdətinin, insan rifahına xidmət edən bütöv bir rekreasiya-istirahət kompleksinin cazibəsinə düşürlər.

Bölgənin cazibədar təbii şəraiti, dəniz səviyyəsindən hündürlüyü, həmçinin bitki örtüyü və canlı aləmi ərazinin hər kvadratkilometrində müxtəlif istirahət proqramları təşkil etməyə hərtərəfli şərait yaradır.

Ağbulaq kəndində aparılmış geniş infrastruktur yenilənməsi işləri yerli sakinlərin rahat yaşayışı ilə bərabər, buraya gələn turistlərin də mənalı istirahətinə tam imkan verir. Ona görə ekspertlər burada yay və qış turizminin inkişafı üçün geniş imkanlar olduğunu vurğulayırlar. Bura gələn müxtəlif yaş və məşğuliyyət kateqoriyasından olan turistləri bir-birindən maraqlı istirahət günləri gözləyir.

Ağbulağın cazibədarlığı həm də ondadır ki, bu bölgə rayon mərkəzi olan Şahbuz şəhərinə çox da uzaq deyil: cəmi 20 dəqiqəlik rahat bir yolun ardından turistlər insanı cəlb edən möhtəşəm təbiət mənzərələri ilə qarşılaşırlar. Əslən Şahbuz rayonundan olan “Naxçıvan” Universitetinin dosenti, Sankt-Peterburq Beynəlxalq Turizm Akademiyasının üzvü Əli Cabbarov qeyd edir ki, hələ Ağbulaq kəndinə çatmamış yolboyu qaynayan kənd həyatı, müxtəlif təsərrüfat işləri, dağ yamaclarındakı bal-bərəkət, buz bulaqlar hər bir qonağın diqqətini dərhal cəlb edir.

Avqustun qızmarında sübh vaxtı dərələrin süsən-sünbülünü şehə bürüyəndən sonra naz-qəmzə ilə dağın zirvəsinə doğru çəkilən o həzin çən insana gəl-gəl deyir. Qışın oğlan çağında ağ örpəyə bürünmüş uca dağlar, sıldırım qayalar, qara bürünmüş ağaclar, kollar ecazkar mənzərəsi ilə insanı valeh edir.

Ağbulaq kəndi və ətraf ərazilər ekoloji cəhətdən çox təmizdir

Sankt-Peterburq Beynəlxalq Turizm Akademiyasının üzvü Əli Cabbarov onu da bildirir ki, muxtar respublikada hətta ən ucqar dağ kəndlərinin təmizliyinə də ciddi diqqət yetirilməsi hər bir turistdə xoş təəssürat yaradır. Kənd yerlərində sənaye tullantılarının, demək olar ki, olmaması, məişət tullantılarının da mərkəzləşdirilmiş qaydada toplanması həmin yaşayış məntəqələrində arzuedilən nəticə yaradıb. Bu da müasir kənd turizmi qarşısında qoyulmuş ən mühüm şərtlərdəndir. Bu mənada Ağbulaq kəndinin və ətraf ərazilərin cazibədarlığına xələl gəlməyib. Buraya gələn turistlər ilk olaraq ərazinin ekoloji cəhətdən çox təmiz olduğunu görürlər. Təmiz olduğu qədər sadə kənd həyatı da buranı seçmiş turistlərin görmək istədikləri arasındadır. 

“Naxçıvan” Universitetinin dosenti deyir ki, müasir dövrdə hamı ekoloji təmiz qida məhsullarından danışsa da, onu bir çox turizm məkanlarında tapmaq olmur. Ancaq Ağbulaqda hər addımda ekoloji təmiz qida məhsullarına rast gəlirsən. Kənd sakinlərinin təqdim etdikləri keyfiyyətli yerli məhsullar turistlər üçün əla imkandır. Təbii yemək həvəskarları varsa, buyursun, ağbulaqlı kəndlinin təsərrüfatında sadə üsulla hazırlanan pendir-lavaşnan baldırğan gözəsi boyunca bitmiş körpə yarpızın da bir dadına baxsınlar. Qışda isə təbii balla xamanın qarışığından ibarət səhər yeməyinin, dadlı südün yerini heç nə verə bilməz. Burada dincələn turistlər kəndin füsunkar mənzərəsindən, ekoloji təmiz məhsullarından ləzzət alır, eyni zamanda, dərman bitkiləri ilə müalicə, dağ yürüşləri, kollektiv gəzintilər və landşaft turizmi ilə də məşğul olurlar.

Yayda da, qışda da gözəl mənzərəli Ağbulaq kəndi

Maraqlı bir məqam da ondan ibarətdir ki, dəniz səviyyəsindən iki min metrə qədər hündürlükdə yerləşən Ağbulaqda yayda sərin, qışda isə özünəməxsus gözəl hava şəraiti olur. Belə ki, insan burada özünü hər iki fəsildə də rahat hiss edir. Havanın ideal təmizliyi, oksigen bolluğu, yayda yaşıllığı ilə gözoxşayan, qışda isə ağ örpəyin cəlbedici mənzərəsi insanların əhval-ruhiyyəsinə müsbət təsir edir. Əldəyməmiş təbiət guşələri, zümzüməli bulaqlar, mineral su mənbələri, bir-birinə qaynayıb qovuşmuş meşə və kolluqlar, qarla örtülü dağ yamacları, zirvələr bir-iki həftə deyil, bir neçə aylığa da buraya gəlmiş turistlər üçün əvəzedilməz təəssürat mənbələridir.

Qarşıdan qış ayları gəlir. Təbii ki, qış fəslində istirahət etmək istəyənlər də az olmur. Təsadüfi deyil ki, Ümumdünya Turizm Təşkilatının statistik göstəricilərinə görə, hər il dünya turistlərinin, təxminən, 30-35 faizi qış aylarında istirahət etməyə üstünlük verirlər. Bu, bir tərəfdən insanların məşğulluq sahəsi ilə bağlıdırsa, digər tərəfdən, sözsüz ki, onlarda qış fəslinə olan sevgi, qışın romantik görüntülərinə heyranlıqdır. Yüksəkliklərin təmiz havasından yararlanmaq, ailəliklə xoş istirahət etmək, yaşadıqları həyatın streslərindən kənarlaşmaq, istirahət etdikləri bölgənin mədəniyyətini araşdırmaq istəyi qış turizmini son illər daha çox diqqətçəkən turizm növlərindən birinə çevirib. Bu mövsümi turizmdən danışarkən insanın gözləri önündə, ilk olaraq, yüksək dağlıq ərazilərdə, əsasən, xizək idman növü canlanır. Bu mənada, 2018-ci il iyulun 17-də Ağbulaq kəndində Xizək Mərkəzinin təməlinin atılması və burada tikinti işlərinə start verilməsi bölgədə qış turizminin gələcək inkişafı baxımından böyük əhəmiyyətə malikdir.

Göründüyü kimi, Ağbulaqda turizmin hərtərəfli inkişafı üçün bütün imkanlar mövcuddur. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması Ağbulaqda da həyata keçirilən tədbirlərin davamlılığını təmin edib, keyfiyyətli və rəqabətədavamlı turizm infrastrukturunun yaradılması üçün geniş imkanlar açıb. Ali Məclis Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamında qarşıya qoyulan vəzifələrin icrası isə bölgədə turizmin inkişafını daha da sürətləndirəcək.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.