REGİONLAR


Naxçıvanda ilk dəfə tibb işçilərinin qəbulu müsabiqə yolu ilə aparılır

Naxçıvan, 27 aprel, AZƏRTAC

Naxçıvanda ilk dəfə olaraq tibb işçilərinin müsabiqə ilə işə qəbuluna start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müsabiqədə iştirak etmək üçün 116 namizəd sənəd təqdim edib. Aprelin 30-dək keçiriləcək imtahanın sualları test və klinik tapşırıq hissələrinə bölünür. İmtahan suallarının test hissəsi 60 sualdan ibarətdir. Test hissəsi üzrə hər bir düzgün cavab bir balla qiymətləndirilir. Test imtahanının nəticələrinə əsasən 40 və ya daha çox bal toplamış şəxslər imtahandan keçmiş hesab olunur. İmtahan bitəndən dərhal sonra namizədə imtahan nəticəsi barədə arayış verilir. Nəticələr muxtar respublikanın Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilir. İmtahan suallarının klinik tapşırıq hissəsi isə namizədin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 sualdan ibarət olmaqla yazılı şəkildə keçiriləcək.

İmtahan suallarının klinik tapşırıq hissəsi üzrə cavabların qiymətləndirilməsi mütəxəssislər cəlb edilməklə təmin ediləcək. Hər bir suala verilən cavab mütəxəssis tərəfindən 5 ballıq sistemlə qiymətləndirilir. 16 və ya daha çox bal toplayan şəxslər bu mərhələdən keçmiş hesab olunacaqlar. İmtahan suallarının test və klinik tapşırıq hissələri üzrə toplanılan ballar ümumiləşdirilərək yekun bal çıxarılacaq.

Müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərin siyahısı vakant vəzifələr üzrə təyinat aparılması üçün müsabiqə başa çatdıqdan sonra 3 iş günü ərzində muxtar respublikanın Səhiyyə Nazirliyinə göndəriləcək. Namizədlər arasında daha yüksək bal toplayan şəxs vakant vəzifəyə təyin ediləcək.

Dövlət İmtahan Mərkəzində keçirilən müsabiqə “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları”na əsasən keçirilir.

Qeyd edək ki, 3-4 may tarixlərində AMEA Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün də test imtahanı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.