REGİONLAR


Naxçıvanda işə yeni qəbul olunan 95 müəllimdən 41-i ucqar dağ kəndlərində yerləşən ümumtəhsil məktəblərini seçib

Naxçıvan, 13 sentyabr, AZƏRTAC

Avqustun 14-dən sentyabrın 4-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə Təhsil Nazirliyində görüş olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun olaraq pedaqoji profilli ixtisasları bitirmiş gənclərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqə yolu ilə işə qəbul olunduğunu bildirib.

“Ötən tədris ilindən etibarən təşkil edilən bu müsabiqələr muxtar respublikada gənclərin işlə təmin olunmasında mühüm rol oynayır”, – deyən nazir diqqətə çatdırıb ki, Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərində ixtisaslar üzrə, ümumilikdə, 302 vakant iş yeri müəyyənləşdirilib, müsabiqəyə həmin vakant yerləri tutmaq üçün 599 nəfər sənəd təqdim edib. Avqustun 14-dən sentyabrın 4-dək keçirilmiş test imtahanlarının nəticələrinə əsasən bu gün 95 müəllim işlə təmin olunur. Onlardan 41 nəfəri ucqar dağ kəndlərində yerləşən ümumtəhsil məktəblərini seçib.

Sonra Təhsil naziri yeni dərs ili münasibətilə gənc müəllimləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Gənc müəllimlər adından çıxış edən Fatma Kərimova həyata keçirilən uğurlu təhsil siyasətindən danışıb, fəaliyyətləri üçün yaradılan şəraitə və gənclərə göstərilən yüksək qayğıya görə minnətdarlığını bildirib.

Sonda Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərə metodik vəsaitlər və “Pedaqoji fikir tarixindən” kitabı hədiyyə olunub və müəllimlərin üç günlük seminarına start verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.