REGİONLAR
Naxçıvanda istehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,8 faiz təşkil edib
Naxçıvan, 27 iyul, AZƏRTAC
Muxtar respublikada yeni sənaye müəssisələrinin yaradılması sənayeləşmə prosesini daha da sürətləndirib, dinamik inkişaf qorunub saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 572 milyon 248 min manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu da bir il öncəki göstəricini 1 faiz üstələyib.
Sənaye məhsulu istehsalının 94,8 faizi malların, 5,2 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,8 faiz təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.
Sənaye məhsulu istehsalının dinamikası min manat olmaqla, illər üzrə qrafikdə qeyd olunub.