REGİONLAR


Naxçıvanda keçirilən Birinci Beynəlxalq Tibbi Forum uğurla başa çatıb

Naxçıvan, 22 iyun, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin ev sahibi olduğu I Beynəlxalq Tibbi Forum uğurla başa çatıb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Duzdağ” otelində təşkil edilən I Beynəlxalq Tibbi Forumun bağlanış mərasimində universitetin rektoru Elbrus İsayev çıxış edərək, ali təhsil ocağının belə bir mötəbər foruma uğurla ev sahibliyi etməsindən məmnunluq duyduğunu dilə gətirib. Qeyd edib ki, yüksək dövlət qayğısı hesabına keçirilən forum universitetin tarixi üçün də çox əlamətdar hadisələrlə yadda qaldı. Belə ki, forum çərçivəsində NDU ilə nüfuzlu 4 ali təhsil ocağı arasında əməkdaşlığın əsası qoyuldu. Rektor muxtar respublika tibb tarixi üçün də öz əhəmiyyətliliyi ilə yadda qalan forumun Naxçıvan səhiyyəsi üçün perspektivlərin dəyərləndirilməsi baxımından önəm daşıdığını bildirib.

Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Assosiasiyası İctimai Birliyinin sədri Müşviq Həsənov forumda əməyi olan hər kəsə öz minnətdarlığını ifadə edib, yüksək təşkilatçılıq səviyyəsindən razılığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən qonaqlar forum çərçivəsində aktual elmi mövzularda müzakirələrin aparılmasının və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib, təəssüratlarını dilə gətiriblər. Onlar muxtar respublikanın əsrarəngiz təbiətindən, burada yaradılan şəraitdən və qonaqpərvərlikdən razılıqla danışıblar.

Sonra iştirakçı cəmiyyət sədrlərinə, fəxri qonaqlara plaketlər, bölmələr üzrə ən yaxşı təqdimatlara diplom və plaketlər verilib.

Forumun bütün iştirakçılarına, sponsorlara sertifikat və hədiyyə təqdim edilib. Həmçinin forumda iştirak edən universitetin işçi qrupu rektor tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının ifasında musiqi nömrələri, kollecin Xoreoqrafiya ixtisası tələbələrinin rəqsləri alqışlarla qarşılanıb. Konsert proqramı forumun bağlanış tədbirinə rəngarənglik qatıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.