REGİONLAR


Naxçıvanda keçirilən “Kətə” festivalı yerli sakinlər və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb REPROTAJ

Naxçıvan, 17 aprel, AZƏRTAC

Aprelin 16-da “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində keçirilən növbəti “Kətə” festivalı yerli sakinlər və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşının festivaldan hazırladığı reportajı təqdim edirik:

Mütəşəkkilliyi, rəngarəngliyi ilə seçilən festivalda, əsasən, qadın təsərrüfat sahiblərinin fəallığı, çoxluğu nəzərə çarpırdı. Onlardan Ordubad rayonunun Vənənd kəndindən gəlmiş ailə təsərrüfatçısı Yaqut Babayeva deyib ki, festivala rayon ərazisindən yığılmış müxtəlif çeşiddə pencərlər, 5 kiloqram qovurma, 40 litr dovğa, 20 litr ayran çıxarıb. Onun sözlərinə görə, festivala gələnlərin mətbəximizin ləziz yemək növlərindən sayılan kətəyə marağı böyükdür. O, yaradılan şəraitə və belə festivalın təşkilinə görə zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

Həmsöhbət olduğumuz Naxçıvan şəhər sakini Ramiz Əliyev belə mədəni tədbirlərin onlarda xoş ovqat yaratdığını bildirib: “Bu tədbirlərin keçirilməsi milli mətbəx nümunələrimizin tanıdılması, yaşadılması baxımından faydalıdır. Yazda Naxçıvanda ən çox bişirilən yeməklərdən biri də müxtəlif göyərti növlərindən hazırlanmış yeməklərdir. Naxçıvan təbiətinin bizə verdiyi çeşidli nemətlər süfrələrimizin bəzəyidir. Kimisi bu pencərləri qovurmaqla, kimisi kətə hazırlamaqla ondan istifadə edir. Festivalda satılan kətələrin dadı həm də ondadır ki, bu kətələr təndirdə odunla bişirilir. Digər tərəfdən, artıq bu gün şəhər sakinləri muxtar respublikamızda yaz dövründə bitən hər hansı pencəri buradan tapa bilərlər. Qiymətləri də münasibdir”.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı yeni layihənin icrası üçün qədim diyara gələn qonaqlar da həm milli mətbəximizlə, həm də muxtar respublikadakı qadın ailə təsərrüfatlarının fəaliyyətləri ilə tanış olmaq imkanı qazanıblar.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti qeyd edib ki, bu, onun Naxçıvana ilk səfəridir: “ Şəhəriniz çox gözəl və təmizdir, insanlarınız isə qonaqpərvərdir. Burada keçirilən festival da çox möhtəşəmdir. Muxtar respublika gənclərinin gülərüzlülüyü, yüksək əhval-ruhiyyəsi diqqətimi çəkdi. Keçirilən fləşmobda gənclərin fəal iştirakı və milli musiqinin təbliğ olunması da təqdirəlayiq haldır. Burada kətənin necə bişirildiyini canlı gördüm. İlk dəfə kətə yedim və çox xoşuma gəldi. Elə düşünürəm ki, dünyanın hansı ölkəsindən bura gəlib bu yeməkləri dadan olsa, mütləq bundan ləzzət alacaq. Kətənin bir çox növlərini gördüm. Bu ləzzətli təamlardan sevə-sevə dadacağam”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri Simona Gatti isə deyib ki, Naxçıvana ilk səfəri “Kətə” festivalı ilə üst-üstə düşüb: “Festival yüksək səviyyədə təşkil edilib. Mən də Azərbaycan xalqının qədim mətbəx mədəniyyətində mühüm yer tutan xəmir yeməklərindən biri olan kətənin hazırlanması və süfrəyə təqdim edilməsini gördüm, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxdım. İlk dəfə idi ki, kətə dadırdım. Çox ləzzətlidir, dadından doymaq olmur. Stendlərin birinə yaxınlaşıb soruşdum ki, bu kətəni belə ləzzətli edən nədir? Öyrəndim ki, onun içərisində vitaminlərlə zəngin, insan orqanizmi üçün çox faydalı, Naxçıvanın gözəl təbiətinin bəhrəsi olan bitkilər var”.

Simona Gatti onu da qeyd edib ki, Naxçıvanda zəngin mətbəx ənənələri həssaslıqla qorunub yaşadılır. Bu, həm də yüksək mədəniyyətin göstəricisidir. “Digər tərəfdən, öyrəndik ki, bu il Naxçıvanda “Ailə təsərrüfatları ili”dir. Bu festivalda qadın sahibkarların üstünlük təşkil etməsi onu göstərir ki, muxtar respublikada nəinki kişi, həmçinin qadınlar üçün də əlverişli şərait yaradılıb. Onlar öz məhsullarını istehsal edib sata bilirlər. Bu, həm də Naxçıvanın kənd yerlərində ailə əməyinə verilən dəyərin göstəricisidir. Əminliklə deyə bilərəm ki, qızımla birgə Naxçıvan səfərimiz çox yaddaqalan olacaq”, - deyə o bildirib.

Festivala gələnlər arasında digər əcnəbi qonaqlar da var idi.

İran İslam Respublikasının vətəndaşı Gülçin Caviddostdan festivalla bağlı təəssüratlarını soruşduqda deyib: “Naxçıvana ilk səfərim deyil. Rəssam olduğum üçün bir neçə dəfə Naxçıvanda keçirilən festivallara dəvət almışam. Bu şəhərə hər səfərimdə onun daha da gözəlləşdiyinin şahidi oluram. Sanki bu şəhərə hər yeni gün rəssamın fırçasından yeni rənglər, gözəlliklər əlavə edilir. İştirak etdiyim “Kətə” festivalında ləziz təamların bişirilməsi qaydası ilə tanış oldum. Kətə haqqında onu deyə bilərəm ki, bu, çox dadlı yeməkdir. İranda da belə ayaqüstü yemək növləri var. Ancaq kətədə xüsusi bir dad var. Digər tərəfdən, sizin mətbəx mədəniyyətiniz, süfrə təcrübəniz imkan verir ki, dadlı olanı daha ləzzətli şəkildə süfrəyə təqdim edəsiniz. Məlumat aldım ki, belə festivallar Naxçıvanda artıq ənənə halını alıb. Mən də çalışacağam ki, burada keçirilən festivallarda daha çox iştirak edim”.

Qeyd edək ki, Naxçıvan təbiəti min bir sərvəti, şəfalı və faydalı bitkiləri ilə burada hər fəslə, hər mövsümə uyğun zəngin mətbəx mədəniyyətinin əsasını qoyub. Bu gün həmin məhsulların təbliğinə xidmət edən mövsümi festivalların keçirilməsi ənənəsinin formalaşdırılması isə əsl yurdsevərlik nümunəsidir. “Kətə”, “Göycə”, “Arıçılıq məhsulları – bal”, “Plov” kimi festivallar bunun bariz sübutudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.