REGİONLAR


Naxçıvanda keçirilən “Öz biznesinə başla və onu inkişaf etdir” təlimi başa çatıb

Naxçıvan, 13 iyun, AZƏRTAC 

“Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” adlı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında keçirilən “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərinin ilk təlimi yekunlaşıb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlim komitənin təşkilatçılığı ilə, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətində yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də onların öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Naxçıvan qadınları yaradılmış imkanlardan istifadə edərək bütün sahələrdə fəaliyyət göstərir, xüsusən də özəl sektorda geniş təmsil olunurlar. Bu gün muxtar respublikada fəal əməklə məşğul olan və iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin 33 faizini qadınlar təşkil edir.

Ramilə Seyidova deyib: Ölkəmizdə qəbul edilmiş dövlət proqramlarının icrası, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, qadınların da işə olan münasibətini dəyişib, onların sahibkarlıqla, xüsusən də ailə-kəndli fermer təsərrüfatlarının yaradılması ilə bağlı maraqlarını daha da gücləndirib. Həmçinin sahibkarlığın, o cümlədən kiçik biznesin inkişafı, yeni iş yerlərinin yaradılması məqsədilə məşğulluğun artırılması sahəsində həyata keçirilən siyasət qadın sahibkarların da bu proseslərdə yaxından iştirakına şərait yaradıb. Muxtar respublikada qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması, kredit resurslarından, bazar və müxtəlif imkanlardan istifadəsi üçün hər cür şərait var. Bu isə qadınların digər sahələrdə olduğu kimi, özəl sektorda da yüksək nailiyyətlər əldə etməsinə öz təsirini göstərir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri bildirib ki, “Öz biznesinə başla və onu inkişaf etdir” təlimi muxtar respublikanın qadın sakinlərinin maliyyə savadlılığının və idarəetmə vərdişlərinin yüksəldilməsinə, eyni zamanda, gəlir mənbələri qismən məhdud olan qadınların, xüsusən də sağlamlıq imkanları məhdud qadınların sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə xidmət edir.

Təlimdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə və maliyyə savadlılığı təlimi ilə bağlı qadınlara məlumat verib. Bildirib ki, bu təlim modulu qadınlar üçün pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarə edilməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı geniş spektrli təlim imkanları yaratmaqla, onların iqtisadi səlahiyyətlərinin artırılmasına və maliyyə müstəqilliyinin təmin edilməsinə dəstək göstərəcək.

“Keçiriləcək təlimlər sağlamlıq imkanları məhdud qadınlar da daxil olmaqla, Babək, Şahbuz, Şərur, Ordubad, Culfa, Kəngərli, Sədərək rayonlarından və Naxçıvan şəhərindən olan 60-dan çox qadının biznes bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Onların arasından ən yaxşı biznes ideyasına malik 50 qadına öz biznesinə başlamaq üçün sərmayə kapitalı veriləcək”, - deyən Sevinc Rüstəmova qeyd edib ki, təlimlər Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının sürətləndirilməsi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyə dəstək olaraq, 4-cü (keyfiyyətli təhsil), 5-ci (gender bərabərliyi) və 8-ci (layiqli əmək və iqtisadi artım) qlobal məqsədlərin icrasına töhfə verəcək.

Naxçıvan şəhərində keçirilən üç günlük təlim zamanı təlimçilər Vüsalə Qarayeva və Cavid Fətullayev tərəfindən pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarə edilməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumatlar verilib. Qarşılıqlı diskussiya şəraitində keçirilən təlimlərdə iştirakçıların sualları cavablandırılıb.

Təlimin son günündə isə iştirakçılara sertifikatlar verilib. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, təlimçi Vüsalə Qarayeva təlimdə iştirak edən qadınları təbrik edib, 31 təlim iştirakçısına sertifikat və hədiyyələr təqdim olunub.

İştirakçılar təlimin keçirilməsinə və qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.