REGİONLAR


Naxçıvanda keçirilən beynəlxalq neonatoloji konfransda Azərbaycanın və Türkiyənin tanınmış mütəxəssisləri iştirak edirlər

Naxçıvan, 7 may, AZƏRTAC

Mayın 6-da Naxçıvan şəhərindəki “Duzdağ” hotelində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Neonatal diaqnozların xəstəlik tarixçələri üzərində müzakirəsi. Yaz hesabatı 1-ci modul” adlı ikigünlük beynəlxalq neonatoloji konfrans işə başlayıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Uptodate in Medicinenin birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər. Daha sonra onlar Heydər Əliyev Muzeyi ziyarət edilib.

“Duzdağ” hotelində keçirilən beynəlxalq konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini anıblar.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti, pediatr, konfransın ideya müəllifi və rəhbəri Şəlalə Həsənova çıxışında bildirib ki, Naxçıvanda Türkiyə Neonatoloqlar Dərnəyi və Azərbaycan neonatoloqlarının iştirakı ilə keçirilən tədbir “Uptodate in Medicine” və “Royal Foods” şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub.

Qonaqları salamlayan Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva qeyd edib ki, ölkəmizdə ötən əsrin 70-ci illərində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan səhiyyə islahatları müstəqillik dövründə daha da inkişaf etdirilib, bu sahənin qanunvericilik bazası təkmilləşdirilib, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti xeyli yüksəldilib. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövrü Naxçıvan səhiyyəsinin inkişaf mərhələsi kimi səciyyələnir. Göstərilən dövlət qayğısının nəticəsidir ki, hazırda muxtar respublikanın ən ucqar dağ kəndlərində belə, müasir tələblərə cavab verən həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı ana və uşaqlara tibb xidməti göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, neonatoloji xidmətin daha da yaxşılaşdırılması üçün lazımi şərait yaradılıb. Reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemlərinə nəzarət daha da gücləndirilib, səhiyyə maarifi işləri günün tələbləri səviyyəsində qurulub.

Nazir müavini vurğulayıb ki, konfransın keçirilməsi təcrübə mübadiləsi baxımından Naxçıvan pediatrları üçün mühüm hadisədir. Şübhəsiz ki, bu, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verəcək. Samrat Gəncəyeva beynəlxalq konfransın işinə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova, Ankara Universiteti Tibb fakültəsinin professoru Ömər Ərdəvə, Azərbaycan Respublikası Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, uşaq cərrahiyyəsi və uşaq urologiyası uzmanı Allahverdi Musayev, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru, ümumi və laparoskopik cərrahiyyə uzmanı Azər İsmayılov, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Neonatal reanimasiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin eksperti Rüstəm Hüseynov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səhiyyənin inkişafındakı misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, bu gün Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən sədaqətlə davam etdirilməsi digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də uğurlara daim vüsət verir.

Bildirilib ki, konfransın Naxçıvanda keçirilməsi heç də təsadüfi deyil. Azərbaycanın bu qədim diyarında səhiyyənin inkişafı, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görülüb. Naxçıvanda bu tədbirin keçirilməsində də əsas məqsəd pediatrik, neonatal xəstəliklər ilə bağlı fikir, təcrübə və ideya mübadiləsi aparmaqdan ibarətdir.

Sonra konfrans bölmə iclasları üzrə öz işini davam etdirib. Ankara Universiteti Tibb fakültəsinin professoru Ömər Ərdəvə, Ankara İldırım Bəyazid Universitetinin professoru Əhməd Yağmur Baş, Başakşəhər Çam və Şakura Şəhər Xəstəxanasının professor doktoru Mərih Çətinkaya məruzələr ediblər. Medera Hospitalının uşaq xəstəlikləri uzmanı, tibb üzrə fəlsəfə doktoru Əli Quliyev, Azərbaycan Tibb Universiteti Nevrologiya şöbəsinin müdiri Aytən Məmmədbəyli və Azərbaycan Tibb Universiteti Birinci uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyevanın neonatologiyanın aktual problemlərinə həsr olunan məruzələri dinlənilib.

Konfransda bilik və təcrübə mübadiləsi aparılıb, yenidoğulanlarda çox rast gəlinən xəstəliklərin klinik hallarının müasir müalicə üsulları barədə məlumat verilib, suallar cavablandırılıb.

Konfrans bu gün işini davam etdirəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.