Naxçıvanda keçirilən iqtisadi sahədə startap layihələrin müsabiqə mərhələsi başa çatıb
AzerTAg.az
Naxçıvan, 5 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İdeyadan başlanğıca” startap layihəsinin müsabiqə mərhələsinə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə çıxış edən İqtisadiyyat naziri Tapdıq Əliyev layihənin mahiyyətindən, əhəmiyyətindən danışıb. Bildirib ki, həyata keçirilən hər bir layihə yeni ideyanın məhsuludur. Yeni ideyalar isə bütün iqtisadiyyat, menecment, yeni texnologiyaların tətbiqi, turizm, səhiyyə, sosial xidmət sektorunda və demək olar ki, bütün digər sahələrdə yaranıb inkişaf edir. Dünya təcrübəsindən də görürük ki, bu ideyaların startaplar kimi layihələndirilərək real biznesə çevrilməsi və gələcəkdə uğurlu layihə kimi fəaliyyətini davam etdirməsində onların müəlliflərinə hərtərəfli dəstəyin göstərilməsi, ümumilikdə, aidiyyəti təşkilatların qayğısı əhəmiyyətli rol oynayır. Aparılan işlərin nəticəsi kimi tələbələrin nazirliyə təqdim olunan 16 startap layihəsi ekspert qrupu tərəfindən təhlil edilib, iqtisadi səmərəliliyi araşdırılıb və məqsədəmüvafiq sayılan 9 layihə müsabiqəyə dəvət olunub.
Tədbirdə İqtisadiyyat Nazirliyinin şöbə müdiri Orxan Abdinovun, “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədovun çıxışları dinlənilib.
Sonra 9 startap müəllifinin təqdimatlarında hazırladıqları layihələr nümayiş etdirilib. Təqdimatlar zamanı layihələr üzrə müzakirələr aparılıb, təkliflər dəyərləndirilib. Bəyənilən layihələrin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb, digər layihə iştirakçılarına da həvəsləndirici hədiyyələr təqdim olunub.

Xəbərin mətnində orfoqrafik səhv var