REGİONLAR


Naxçıvanda keçirilən müsabiqələrin qalibləri mükafatlandırılıblar

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən Gənclər Mərkəzində muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsinin, həmçinin Komitənin, Gənclər Fondunun və Rəssamlar Birliyinin birgə keçirdiyi “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqələrdə gənclər və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, dərnək üzvləri, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, istedadlı gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət ailə siyasətindən ətraflı bəhs edib. Bildirib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə muxtar respublikada ailə institutunun inkişafına öz müsbət təsirini göstərib, milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Naxçıvan ailəsi möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlayıb. Muxtar respublikada ailələrin sosial baxımdan güclü olması üçün əhalinin məşğulluq səviyyəsi yüksəldilib, ailələrin ildən-ilə gəlirləri artıb, mənəvi sağlamlığının qorunması ilə bağlı ailə dəyərlərimiz geniş təbliğ olunub. Bundan başqa sosial qayğıya ehtiyacı olan ailələrin, o cümlədən şəhid, qazi ailələrinin sosial problemlərinin öyrənilməsi və həlli ilə əlaqədar tədbirlər görülüb, xüsusi qayğıya ehtiyacı olan ailələr özünüməşğulluq proqramına cəlb edilib, gənc ailələrin mənzillə təmin olunması üçün məqsədyönlü addımlar atılıb.

Komitə sədri qeyd edib ki, ailələr nə qədər sağlam olarsa, cəmiyyət də bir o qədər sağlam olar. Çünki hər bir cəmiyyətin özəyi ailədir. Ailə milli-mənəvi dəyərlərin, o cümlədən ailə dəyərlərinin daşıyıcısıdır. Muxtar respublikada gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonu kimi daim hörmətlə anılan nümunəvi ailələrimiz çoxdur. Ailə adət-ənənəmizdə çoxəsrlik tarixə malik olan ağsaqqal və ağbirçək institutu mövcuddur. Məhz bu institutun fəaliyyəti ailə üzvləri, eləcə də ailələr arasında ünsiyyətin formalaşmasında, ailə xüsusiyyətlərinin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır.

“Müsabiqələrin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, milli adət-ənənələrimizi ictimaiyyətə, gənclərə təqdim etmək, gənclərdə və həvəskar şəxslərdə yaradıcılıq qabiliyyətini aşkar etmək və bədii zövqü inkişaf etdirməkdir”, - deyən Ramilə Seyidova bildirib ki, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinə 34 müəllifin 41 rəsm, 40 müəllifin 40 inşa yazı, 5 müəllifin 5 dekorativ işi olmaqla, ümumilikdə, 86 iş təqdim olunub. “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsinə isə 49 foto və 5 film olmaqla, ümumilikdə, 54 film və foto təqdim olunub. Komitə sədri müsabiqə qaliblərini təbrik edib, gələcək işlərində onlara uğurlar arzulayıb.

Sonra Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru, Milli Məclisinin deputatı Cəbi Quliyev çıxış edərək muxtar respublikada həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs edib, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin yaşadılaraq gənc nəsillərə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Asəf Orucov və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin əməkdaşı, rəssam Nizami Alıyev isə çıxışlarında belə tədbirlərin keçirilməsinin gənclərimizin milli ruhda yetişməsi, bacarıq və istedadlarının üzə çıxarılması üçün önəmli olduğunu bildiriblər.

“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə təltif olunublar. “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsində I yerin qalibi olan 2 nəfərin hər birinə 200 manat, II yerə layiq görülən 2 nəfərin hər birinə 150 manat, III yeri tutan 2 nəfərin hər birinə 100 manat pul mükafatı, həvəsləndirici yerlərə layiq görülən 8 nəfərə isə hədiyyə və diplom təqdim edilib.

Sonda yaradıcılıq müsabiqəsinə təqdim edilmiş fotolardan ibarət videoçarxa baxış olub, həmin müsabiqədə “Ən yaxşı film” nominasiyasına layiq görülmüş film izlənilib, rəsm və əl işlərindən ibarət sərgiyə baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.