REGİONLAR
Naxçıvanda könüllülər üçün fərdi inkişaf təlimi təşkil olunub
Naxçıvan, 30 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən Gənclər Mərkəzində könüllülər üçün fərdi inkişaf təlimi təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təlimin əvvəlində çıxış edən fondun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin mütəxəssisi Leyla Hacıyeva dövlət başçısının 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsinin Naxçıvanda da könüllülük hərəkatının inkişafına təkan verdiyini bildirib. Belə ki, il boyunca Naxçıvanda könüllülük fəaliyyəti ilə bağlı silsilə tədbirlərin keçirilməsi üçün tədbirlər planı hazırlanıb. Artıq bu istiqamətdə fond tərəfindən bir sıra işlər görülüb.
Vurğulanıb ki, fond könüllülərin tədbirlərə yüksək səviyyədə hazırlanması ilə yanaşı, onların peşəkar inkişafını da hər zaman diqqətdə saxlayır. Buna misal kimi müxtəlif istiqamətlərdə təşkil edilən təlimləri, fərqli mövzuda seminarları göstərmək olar. Bu cür tədbirlərdə onlar yeni məlumatlar qazanaraq fikir mübadiləsi aparmaq imkanı əldə edirlər.
Sonra təlimə start verilib.
Təlim psixoloq Əsmər Rzayevanın təqdimatında “Ünsiyyətin həyatımızda rolu”, “Yaşlılarla ünsiyyət”, “İş yerində ünsiyyət” mövzularını əhatə etməklə keçirilib. Təlim müddətində iştirakçıların sualları cavablandırılıb.