REGİONLAR
Naxçıvanda məhdud fiziki imkanlı şəxslərə sovqat verilib
Naxçıvan, 4 dekabr, AZƏRTAC
Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və rayon mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə silsilə tədbirlər keçirilib, həmin şəxslərə sovqat verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Əlillərin Bərpa Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev çıxış edərək muxtar respublikada məhdud fiziki imkanlı şəxslərə göstərilən dövlət qayğısından bəhs edib. Vurğulanıb ki, bütün sahələrdə müşahidə olunan dinamik inkişaf bu təbəqədən olan şəxslərin də sosial müdafiəsinin güclənməsinə hərtərəfli şərait yaradıb. Məhdud fiziki imkanlı insanlara tibbi və sosial reabilitasiya xidmətləri göstərilir, müharibə əlilləri minik avtomobilləri ilə təmin olunur, sağlamlıq imkanları məhdud olan insanların mənzil-məişət şəraiti yaxşılaşdırılır, onlara təqaüd və sosial müavinətlər ödənilir. Həmçinin bildirilib ki, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində də davamlı tədbirlər həyata keçirilir.
Həmin gün muxtar respublikanın rayon mərkəzlərində təşkil olunan tədbirlərdə çıxış edən Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və rayon icra hakimiyyətlərinin nümayəndələri fiziki imkanları məhdud şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.
Sağlamlıq imkanları məhdud ifaçılardan ibarət musiqi qrupu Kəngərli rayonunda keçirilən tədbirdə iştirakçılar qarşısında konsert proqramı ilə çıxış edib.
Tədbirlərdə, ümumilikdə, fiziki qüsuru olan 1000 şəxsə sovqat təqdim olunub. Görüşlərdə iştirak edə bilməyən eyni təbəqədən olanlara evlərində baş çəkilib, sovqat verilib.
Məhdud fiziki imkanlı şəxslər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.