REGİONLAR


Naxçıvanda məktəblilər arasında keçirilən əyləncəli idman oyunları üzrə yarışa yekun vurulub

Naxçıvan, 12 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən və iki gün davam edən məktəblilər arasında əyləncəli idman oyunları üzrə yarışın qalibləri müəyyənləşib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərinin 6 komandasının mübarizə apardığı yarış Gənclər və İdman, Təhsil nazirlikləri, eləcə də Atletika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Komandaların tərkibi 5 idmançı və 1 idman müəllimindən ibarət olub. Yarışda məktəblilər “Tops”, “Meqa” və “Cəngavərlər döyüşü” mərhələlərində güc və bacarıqlarını sınayıblar. Oyunların yekun nəticəsinə əsasən, aktivinə daha çox bal yazan Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin “Polad” komandası 1, 16 nömrəli tam orta məktəbin “Zirvə” komandası 2, Heydər Əliyev adına tam orta məktəbin “Qələbə” komandası isə 3-cü pillədə qərarlaşıb.

Mükafatlandırma mərasimində çıxış edən Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada idmanın kütləviliyinin artırılması, bu sahə üzrə istedadlı uşaqların aşkarlanması və onların qabiliyyətlərinin inkişaf etdirilməsi sahəsində işin keyfiyyətinin yüksəldilməsi diqqətdə saxlanılır.

Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Cabbarov vurğulayıb ki, artıq diyarımızda bədən tərbiyəsi və idmanla məşğul olmaq gündəlik həyat tərzinə çevrilib.

Çıxış edənlər qalib komandaları və idmançıları təbrik edib, yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, əyləncəli idman oyunları mərhələli formada muxtar respublikanın şəhər və rayonlarında da keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.