REGİONLAR
“Naxçıvanda mətbuat tarixi” kitabı Almaniyada işıq üzü görüb
Naxçıvan, 14 fevral, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Seyid Surənin muxtar respublikada dərc olunan “Şərq qapısı” qəzetinin materiallarından ibarət “Naxçıvanda mətbuat tarixi” adlı kitabı Almaniyada ingilis dilində işıq üzü görüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, kitabda XX əsrin əvvəllərində Naxçıvanda mətbuatın yaranma tarixi, keçdiyi şərəfli və kəşməkəşli yol, bugünkü inkişaf səviyyəsi geniş işıqlandırılır. Eyni zamanda, müstəqillik illərində Naxçıvanda mətbuata göstərilən dövlət qayğısı, güclü maddi-texniki bazanın yaradılması, qanunvericilik bazasının formalaşdırılması elmi təhlil süzgəcindən keçirilir və dəyərləndirilir.
Lambert Akademik Nəşriyyat Evi (LAP – Lambert Academic Publishing House) kitabların, elmi tədqiqatların alman, ingilis, türk, ərəb və rus dillərində onlayn və çap şəklində yayımını həyata keçirir. Bu nəşriyyat evinin köməyi ilə hər bir kitabın beynəlxalq kodu (ISBN) mövcuddur. Burada nəşr olunan hər bir kitab bir çox beynəlxalq kataloqlara daxil edilməklə Amerika və Avropanın həm də onlayn kitab satışı saytlarında yayımlanır.
Kitablar www.morebooks.de, www.amazon.de, www.amazon.co.uk, www.amazon.com və digər veb-saytlar vasitəsilə bütün dünyada satılmaqdadır. Lambert nəşriyyat evi, eyni zamanda, www.omniscriptium.com saytı vasitəsilə dünyanın 40-dan çox ölkəsində çap məhsullarının yayımını həyata keçirir.
Naxçıvanla bağlı elmi araşdırmaların və kitabların beynəlxalq aləmə çıxışını təmin etmək və yaymaq qədim diyarımızın həqiqətlərini dünya miqyasında tanıtmaq baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, Seyid Surə Naxçıvan mətbuat tarixinin ilk dəfə elmi şəkildə araşdırılıb üzə çıxarılması və tədqiqi istiqamətində ardıcıl işlər aparıb. Belə ki, o, bu mövzuya dair 20-dən çox elmi məqalənin, 1 monoqrafiyanın, Azərbaycan və ingilis dillərində nəşr olunmuş iki dərs vəsaitinin müəllifidir. “Naxçıvanda mətbuat tarixi” adlı seçmə fənn magistratura təhsil pilləsində Naxçıvan Dövlət Universitetinin tədris planına daxil edilib və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Seyid Surənin müəllifliyi ilə qrifli dərs vəsaitinin nəşrinə icazə verilib.