REGİONLAR
Naxçıvanda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramının icrası ərzaq təhlükəsizliyinə öz töhfəsini verib
Naxçıvan, 24 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində “Naxçıvan Muxtar Respublikasında meyvəçilik və tərəvəzçiliyin inkişafının regional xüsusiyyətləri” mövzusunda dəyirmi masa olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən fakültənin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudov “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində bu sahədə yüksək göstəricilərə nail olunduğunu bildirib. Vurğulanıb ki, muxtar respublikada bu sahəyə olan xüsusi diqqətin nəticəsində meyvəçiliyin inkişafı üçün çıxış yolları müəyyən edilib və qısa zamanda yeni meyvə bağları salınıb, yüksək məhsuldarlıq əldə edilib.
“Naxçıvan Muxtar Respublikasında tərəvəzçiliyin inkişaf istiqamətləri” mövzusunda çıxışında Biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Qasımov qeyd edib ki, Dövlət Proqramının icrası muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatının, əsasən, yerli istehsal hesabına ödənilməsinə imkan verir. Bildirib ki, Naxçıvan artıq yerli və keyfiyyətli meyvə-tərəvəz məhsullarının ixrac potensialına malikdir. Bu da meyvəçiliyin və tərəvəzçiliyin muxtar respublikanın kənd təsərrüfatı sahəsində mühüm rola malik olduğunu göstərir.
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov “Muxtar respublikada meyvəçiliyin inkişafına dövlət dəstəyi” mövzusunda məruzəsində vurğulayıb ki, əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və əkin sahələrindən bol məhsul götürülməsində mütərəqqi suvarma sistemlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Hər il meyvə bağlarının salınması, əkin sahələrinin çoxaldılması istehsal həcminin artması ilə yanaşı, idxaldan asılılığın aradan qaldırılmasına da müsbət təsir göstərib.
Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.