REGİONLAR
Naxçıvanda müasir nəqliyyat sistemi qurulub
Naxçıvan, 27 oktyabr, AZƏRTAC
Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Culfa-Ordubad magistral avtomobil yolunun, Naxçıvan şəhərində avtomobil yolunun, Şərur şəhərinə giriş və daxili avtomobil yollarının, Babək rayonunun Araz, Ordubad rayonunun Yuxarı Əndəmic-Nüsnüs, Ordubad şəhər-Aşağı Əndəmic və Şərur rayonunun Şəhriyar kənd avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması başa çatdırılıb.
Naxçıvan şəhərində iki avtomobil yolunun, Çərçiboğan, Dərvişlər, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx, Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi, Maxta-Dəmirçi, Babək rayonunda Göynük, Ordubad rayonunda Vənənd-Pəzməri kənd avtomobil yollarının, Culfa şəhərində daxili avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Ordubad rayonunun Nüsnüs kəndində bir körpünün tikintisi, bir körpünün təmiri başa çatdırılıb. Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının, Şərur şəhərində avtovağzal binasının tikintisi aparılır.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında rabitə qovşağının anbarının əsaslı təmiri başa çatdırılıb, polis şöbəsi üçün inzibati binanın tikintisi, nəzarət ölçü cihazları sexinin əsaslı təmiri, Şərur rayonunda Elektrik Təmas Şəbəkəsi binasının, Dövriyyə Deposu binasının və təmir sexinin yenidən qurulması davam etdirilir.
Culfa rayonunda İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının və Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması aparılır.