SİYASƏT
Naxçıvanda müasir xidmət sahəsi fəaliyyətə başlayıb
Naxçıvan, 10 may, AZƏRTAC
Muxtar respublikanın sosial-iqtisadi inkişafı və mövcud turizm imkanları tələbata uyğun yeni xidmət sahələrinin yaradılmasını zərurətə çevirir. Aparılan quruculuq işlərində bu amil əsas götürülür, müasir xidmət sahələri istifadəyə verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 10-da Naxçıvan şəhərində yeni xidmət sahəsi – “İdeal” ətriyyat və kosmetika mağazası fəaliyyətə başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Ali Məclisin Sədri müasir xidmət sahəsinin fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə çıxış edərək deyib: Bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunur. 10 may Azərbaycan xalqının həyatında əlamətdar tarixdir. Çünki ümummilli liderimiz Heydər Əliyevin yaşadığı ömür Azərbaycan xalqının tarixinə çevrilmişdir. Bu gün Ulu Öndər aramızda yoxdur. Lakin onun ideyaları Azərbaycan xalqı ilə bərabər yaşayır və bundan sonra da yaşayacaqdır. Ölkəmizdəki sabitlik, inkişaf, tərəqqi, insanların rifahının yaxşılaşması, tikilənlər, qurulanlar ümummilli liderimizin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərliyi dövründə Azərbaycanın inkişafı, möhkəmlənməsi və gələcəyi üçün çalışmışdır. Bu gün istifadəyə verilən elit yaşayış binası və xidmət sahəsi də ölkəmizin inkişafının göstəricisidir. Hər bir ölkənin davamlı inkişafı isə əhalinin bütün təbəqələrinin tələbatına uyğun yaşayış və xidmət sahələrinin yaradılmasına imkan verir. Muxtar respublikada bütün təbəqələr üçün yeni yaşayış binaları və xidmət sahələri tikilərək istifadəyə verilir. Bütün bunlar insanların həyat tərzinin göstəricisidir. Çünki ölkənin inkişafını göstərən əsas sahələrdən biri də insanların müxtəlif həyat tərzinə malik olmasıdır.
Ali Məclisin Sədri yeni xidmət sahəsinin yaradılmasında əməyi olanlara təşəkkür edib.
Bildirilib ki, yeni istifadəyə verilən yaşayış binasının birinci mərtəbəsində yerləşən “İdeal” ətriyyat və kosmetika mağazasında dünyanın məşhur firmalarının istehsal etdikləri məhsullar alıcılara təklif olunur. Məhsulların hər birinin mənşəyi və keyfiyyəti diqqətdə saxlanılır. Mağazada “İdeal” firmasının öz istehsalı olan müxtəlif məhsullar da satışa çıxarılır.
Ali Məclisin Sədri xidmət sahəsinin fəaliyyətinin təşkili ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.