REGİONLAR


Naxçıvanda müəllimlərin bilik və bacarıqları test imtahanları ilə qiymətləndirilib

Naxçıvan, 21 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test Mərkəzində Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün keçirilən test imtahanları başa çatıb.

Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, imtahan müəllimlərin bilik və bacarıqlarının test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılması, qiymətləndirilmə aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılması, aylıq vəzifə maaşlarının artırılması və maddi rifahının yaxşılaşdırılması məqsədilə aparılıb. Qiymətləndirmənin nəticələri müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı nəzərə alınacaq, qiymətləndirilməsi aparılan müəllimlərin aylıq əməkhaqqı həftəlik dərs yükünə müvafiq olaraq artırılacaq.

Test imtahanlarında iştirak etmək üçün 120 nəfər sənəd təqdim edib, onlardan 109-u test imtahanında iştirak edib və 85 müəllim keçid balını toplayıb. İmtahanda iştirakçılara müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya və kommunikasiya texnologiyaları üzrə 15 test tapşırığı olmaqla, ümumilikdə, 80 sual təqdim edilib, sualları cavablandırmaq üçün iştirakçılara 120 dəqiqə vaxt verilib. Test tapşırıqlarının ən azı 30 faizini (24 bal) düzgün cavablandırmış şəxslər bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar.

Test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilib. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, monitorda imtahanın vaxtını izləmək və elektron kalkulyatordan istifadə etməklə geniş imkanlardan yararlana biliblər. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilib. Nəticələr komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.