REGİONLAR
Naxçıvanda multikulturalizm dəyərləri yaşadılır və təbliğ edilir
Naxçıvan, 23 yanvar, AZƏRTAC
Multikulturalizm hər zaman bəşəriyyətin sosial və mədəni inkişafının, intellektual və mənəvi tərəqqisinin universal bazası olub. Eyni ölkədə yaşayan müxtəlif xalqların tarixi, dini, sosial, mədəni hüquqlarına humanist dünyagörüşü ortaya qoyan multikulturalizm cəmiyyətin öz daxilində ənənəvi dəyərlərin yaşadılmasına töhfəsini verən önəmli amildir. Bu gün Naxçıvan Muxtar Respublikasında da məhz bu dəyərlər yaşadılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində “Müasir mərhələdə multikulturalizm” mövzusunda keçirilən elmi konfransda bu barədə danışılıb.
Universitetin rektoru Elbrus İsayev çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçib və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırıb. Bu mənada Ulu Öndərimiz Azərbaycan multikulturalizminin siyasi banisidir.
“Azərbaycançılıq məfkurəsinin tərkib hissəsi olan multikulturalizm xalqımızın həyat tərzinə çevrilib və dövlət səviyyəsində həmişə təbliğ olunur. Bu yüksək dəyərlərinə görə Azərbaycan dünya dövlətləri içərisində nəinki seçilib, həmin amil onun beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmlənməsinə birbaşa təsir edib”, - deyən rektor 2015-ci ildən universitetdə “Multikulturalizm” fənninin keçirildiyini vurğulayıb. Qeyd edib ki, Naxçıvan Dövlət Universiteti ölkəmizdə həmin fənni tədris prosesinə seçmə fənn kimi daxil edən ilk ali təhsil ocaqlarından biridir.
Universitetin Fəlsəfə və sosial iş kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Məmməd Rzayev çıxışında bildirib ki, qlobal problemlərin həllində multikulturalizm mühüm rol oynayır. Ölkəmizdəki multikultural, tolerant mühitin üstünlüklərindən danışan professor Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi uğurların dünya dövlətləri, ölkəmizə gələn qonaqlar tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Elmi konfransda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun, Fəlsəfə və sosial iş kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Bağır Babayevin və Azərbaycan tarixi kafedrasının müəllimi Zamin Əliyevin çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir.