REGİONLAR


Naxçıvanda muzeylərə verilən rəsm əsərlərinin təqdimatı olub

Naxçıvan, 26 iyun, AZƏRTAC

Naxçıvan şəhərində fəaliyyət göstərən Bəhruz Kəngərli Muzeyində Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov tərəfindən muxtar respublikanın muzeylərinə hədiyyə edilmiş rəsm əsərlərinin təqdimatı olub.

AZƏRTAC-a Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova muxtar respublikada muzeylərin eksponatlarla zənginləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, muzeylərə eksponat toplanması istiqamətində keçirilən növbəti təqdimat mərasimi təsviri incəsənətimizlə bağlıdır. Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov müxtəlif illərdə portret janrında yaratdığı 5 rəsm əsərini muxtar respublikada fəaliyyət göstərən muzeylərə hədiyyə edib. Bunlar böyük yazıçımız Cəlil Məmmədquluzadənin, görkəmli rəssamımız Bəhruz Kəngərlinin, Xalq şairi Xəlil Rza Ulutürkün, şəhid Qabil Orucəliyevin və Azərbaycanın Milli Qəhrəmanı Səyavuş Həsənovun portretləridir.

Hədiyyə olunan rəsm əsərləri üçün Telman Abdinova təşəkkür edən nazir deyib ki, rəssamın hədiyyə etdiyi həmin portretlər muzeylərimizdə layiqli yerini tutacaqdır.

Bildirilib ki, Telman Abdinovun yaradıcılığı müxtəlif mövzulu və janrlı rəsm əsərləri ilə seçilir. Rəssamın çoxşaxəli və məhsuldar yaradıcılığında portret, mənzərə, qrafika, natürmort və başqa janrlı əsərlərində rəng tonu, kompozisiya, bütövlük onun istedad və zəhmətinin rəngarəngliyini ortaya çıxarır.

Natəvan Qədimova vurğulayıb ki, rəssamın hədiyyə etdiyi əsərlər dəyərli eksponat kimi muzeylərimizdə qorunub saxlanılacaq və nümayiş olunacaq.

Mədəniyyət naziri çıxışının sonunda mədəniyyətin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov tədbirdə çıxış edərək vurğulayıb ki, görkəmli şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban gedən şəhidlərin böyük ehtiramla yaratdığı portretlərinin muzeylərdə nümayiş etdirilməsi onun üçün iftixar hissi yaradacaq.

Digər çıxışlardan sonra muzeyin ekspozisiyasına baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.