REGİONLAR
Naxçıvanda növbəti çimərlik mövsümünə start verilib
Naxçıvan, 16 iyun, AZƏRTAC
Muxtar respublikada növbəti çimərlik mövsümünə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Uzunoba İstirahət Mərkəzində keçirilən mövsümün açılış tədbirində gənclər və idman naziri Ramil Hacı, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib, əlamətdar günün əhəmiyyətindən danışıblar.
Çıxışlarda bildirilib ki, muxtar respublikada insanların rahat yaşayış səviyyəsinin təmin edilməsi, sağlam həyat tərzi keçirməsi, eləcə də isti yay günlərində yerli sakinlərin və qədim diyara gələn turistlərin istirahətinin səmərəli təşkili üçün müvafiq tədbirlər görülür, yeni xidmət sahələri və istirahət guşələri istifadəyə verilir. Belə istirahət yerlərindən biri də Uzunoba Su Anbarında yaradılan çimərlikdir. Çimərlik istirahət zonasında təhlükəsizlik tədbirləri görülüb, su və digər idman növləri üzrə yarışların, eləcə də müxtəlif tədbirlərin keçirilməsinə şərait yaradılıb və digər zəruri işlər həyata keçirilib.
Çimərlikdə xidməti fəaliyyətlə məşğul olan xilasetmə qrupunun ləvazimatlarına baxış keçirilib, təhlükəsizliklə bağlı görülən işlər barədə məlumatlar verilib.
Qeyd edək ki, quru sahəsinin uzunluğu 221 metr olan çimərliyə əlavə olaraq 442 kubmetr qum səpilib, nümunəvi xidmətin təşkili məqsədilə ərazidə abadlıq və təmir-bərpa işləri görülüb. Burada böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş iki çimərlik, kafe-restoran, voleybol meydançası, müşahidə qülləsi, şəxsi əşyaların saxlanılması üçün 88 yerlik dəmir dolab, 4 duş kabini, 4 pedallı su qayığı, 35 çətir, 44 şezlonq, sanitar qovşaq və açıq istirahət köşkləri mövcuddur.
Fövqəladə Hallar Nazirliyinin 6 nəfərdən ibarət xilasetmə qrupu ərazidə xidmət aparacaq. Əraziyə müvafiq xəbərdaredici və qadağanedici nişanlar qoyulub, suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən məhdudlaşdırıcı şarlar quraşdırılıb. Çimərlik saat 09:00-dan 19:00-dək, kafe-restoran isə gecə saatlarınadək fəaliyyət göstərəcək.