REGİONLAR
Naxçıvanda növbəti xalçaçılıq kursunu bitirən qadınlara sertifikatlar təqdim olunub
Naxçıvan, 10 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən “Xalq yaradıcılığı emalatxanası”nda təşkil olunan növbəti xalçaçılıq kursu sona çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, kursda qadınlara peşəkar xalçaçılar tərəfindən Naxçıvan xalçaçılıq məktəbi, o cümlədən digər bölgələrimizin ənənələrinə uyğun xalça naxışları və toxuculuq öyrədilib. Sonda 7 xalçaçı qadına sertifikatlar təqdim olunub.
Sosial əhəmiyyətli belə kursların təşkil edilməsi muxtar respublikada qədim xalçaçılıq ənənələrinin yaşadılması ilə yanaşı, qadınların özünüməşğulluqlarının da təmin edilməsinə zəmin yaradır.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası muxtar respublikada bu sahədə maddi-mədəni irsin mühafizəsi ilə bağlı yeni imkanlar yaradıb, bu istiqamətdə mühüm nəticələrə nail olunub.