REGİONLAR
Naxçıvanda qanvermə aksiyası keçirilib
Naxçıvan, 1 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, aksiya muxtar respublikada yaşayan irsi qan xəstəliyi olan hemofiliyalı və talassemiyalı uşaqlara dəstək məqsədi daşıyır.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları aksiyada iştirak ediblər. Könüllülər qanvermədən əvvəl tibbi müayinədən keçirilib, donorlardan qan nümunələri götürülüb, infeksion xəstəliklərə qarşı yoxlama aparılıb.
Aksiyada 22 nəfər iştirak edib, 11 litr qan toplanaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan bankına təhvil verilib.
Mövcud vəziyyətlə əlaqədar aksiya sosial izolyasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla keçirilib.
Qeyd edək ki, aksiya təşkilatçılar tərəfindən artıq 10 ildir mütəmadi olaraq 1 iyun tarixində keçirilir.