REGİONLAR
Naxçıvanda reallaşdırılan meliorativ tədbirlər yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına yol açır
Naxçıvan, 4 avqust, AZƏRTAC
Bu ilin ilk altı ayı ərzində Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 800 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 2,7 kilometr ana xətt, müxtəlif diametrli borularla isə 24,5 kilometr paylayıcı boru xətti çəkilib, 270 supaylayıcı hovuz və suvarma hidrantı quraşdırılıb.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Şahbuz rayonunda Türkeş kəndi ərazisində 270 hektar sahədə 4,75 kilometr ana xətt, müxtəlif diametrli borularla isə 4,2 kilometr paylayıcı boru xətti çəkilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.
Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Şərur, Babək, Şahbuz rayonlarında, ümumilikdə, 5 kilometr selə qarşı istiqamətləndirici bənd salınıb. Ötən dövrdə cəmiyyətin balansında olan, muxtar respublikada 2-ci suvarma mənbəyi kimi 102 nasos stansiyası və 826 subartezian quyusu istismar edilib. Nasos stansiyaların mexaniki və elektrik avadanlıqlarında lazım olan əsaslı və cari təmir işləri, 25 kilometr təzyiqli boru xəttində təmir-bərpa işləri vaxtında həyata keçirilərək etibarlı iş rejimi ilə təmin olunub.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şərur rayonunda Cəlilkənddə 7,6 kilometr su xətti çəkilib, 330 ev, 12 müəssisə şəbəkəyə qoşularaq sayğac quraşdırılıb. Beləliklə, layihə çərçivəsində işlər uğurla həyata keçirilib, Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi və Cəlilkənddə içməli su xətti istifadəyə verilib.