REGİONLAR
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmətlər göstərilir
Naxçıvan, 30 iyul, AZƏRTAC
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası istiqamətində də zəruri tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edən vətəndaşlara, o cümlədən müvafiq kateqoriyadan olan uşaqlara protez xidmətləri göstərilir, onlar ortopedik məmulatlarla təmin olunurlar. Bununla yanaşı, mərkəzin həkim heyəti tərəfindən dayaq-hərəkət sisteminin funksiyalarını itirmiş muxtar respublika sakinlərinə səyyar xidmətlərin göstərilməsi də diqqətdə saxlanılır. Bu tədbirlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Babək və Ordubad rayonlarında keçirilən səyyar xidmətlər zamanı məhdud fiziki imkanlı şəxslərdən protez və ortez sifarişləri qəbul edilib, zəruri hallarda protezlər təmir edilib. Eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslər veloaraba, protez ayaqqabı və digər texniki, köməkçi reabilitasiya vasitələri ilə də təmin olunub.
Sağlamlıq imkanları məhdud şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.