REGİONLAR


Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı uğurla icra olunub

Naxçıvan, 17 fevral, AZƏRTAC

“Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir”, – deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı qanunvericilik sistemində yeni təminatların təsbit edilməsi dövlətin uşaqlara olan diqqətinin göstəricisi olmaqla yanaşı, həm də onların cəmiyyətə inteqrasiyasına təkan verən amildir.

Uşaqlara göstərilən diqqət sağlam cəmiyyətin
möhkəm təməllər üzərində qurulmasından xəbər verir

Naxçıvan Muxtar Respublikasında da uşaqlara göstərilən hərtərəfli qayğı həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən birini təşkil edir. Uşaqlara xidmət edən təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrin sayı ildən-ilə çoxalır, irimiqyaslı infrastruktur layihələri icra edilərkən uşaqların mənafelərinin təmin olunması ön planda tutulur. Onlara göstərilən bu diqqət muxtar respublikada sağlam cəmiyyətin möhkəm təməllər üzərində qurulmasından xəbər verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var”.

Naxçıvanda uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müxtəlif Dövlət proqramlarının qəbul edilməsi bu sahədə yeni nailiyyətlərin qazanılmasına imkan verir. 2014-2015-ci illəri əhatə edən müvafiq proqramın icrası başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi görülən işlərin davamlı xarakter almasına səbəb olub. Proqramın məqsədi sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin edilməsi, inklüziv təhsilə keçid imkanlarının artırılması, məsafədən təhsilin əhatə dairəsinin genişləndirilməsindən ibarət olub və ötən müddətdə bu məqsədlərə nail olmaq üçün müəyyən edilmiş tədbirlər uğurla həyata keçirilib.

Dövlət Proqramının icrası sağlamlıq imkanları məhdud uşaqlara
yeni imkanlar yaradıb

Dövlət Proqramının icrası məqsədilə 2016-cı il aprelin 25-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində diqqət zəifliyi olan və hiperaktiv uşaqlar üçün müasir tədris vasitələri ilə təmin olunmuş təlim-bərpa otağı istifadəyə verilib, fərdi, ailə və uşaq istiqamətli psixoloji dəstək xidməti yaradılıb. İş təcrübəsinin artırılması üçün mərkəzin mütəxəssislərinin Bakı şəhərində təşkil olunan ixtisasartırma kurslarına göndərilməsi təmin edilib. 2016-2020-ci illərdə mərkəzin psixoloji dəstək xidmətinə 225 uşaq cəlb olunub, hər bir uşaqla bağlı konsultasiya işi aparılıb, fərdi proqram hazırlanıb.

Sağlamlıq imkanları məhdud uşaqların real həyata uyğunlaşmasında və müstəqil yaşam vərdişlərinə yiyələnməsində məktəbəqədər təhsil müəssiələrinin əvəzolunmaz rolu var. Belə müəssisələrdə müvafiq sosial kateqoriyadan olan uşaqların sosial, idraki, estetik inkişafı, sadə əmək vərdişlərinə, zəruri həyati bacarıqlara, sosial, milli və ümumbəşəri dəyərlərə yiyələnməsi təmin edilməkdədir. Proqramın icra müddəti ərzində muxtar respublikada məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar barəsində yaradılmış məlumat bazasının mütəmadi olaraq yenilənməsi təmin olunub, bu sosial kateqoriyanın nümayəndələrinin əqli və fiziki potensialları nəzərə alınaraq məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmaları üçün işlər davam etdirilib. 2016-2020-ci illərdə sağlamlıq imkanları məhdud 59 uşaq məktəbəqədər təhsil müəssisələrində, 98 uşaq ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarında, nitq qüsuru olan 278 uşaq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölmələrində tədrisə cəlb edilib. Dövlət Proqramının icrasına uyğun olaraq Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə cəlb edilən 23 sağlamlıq imkanları məhdud uşaqla fərdi qaydada reabilitasiyayönümlü məşğələlər aparılıb.

Müasir təlim üsulları tətbiq edilir

Məktəbəqədər təhsil müəssisələrində müvafiq sosial kateqoriyadan olan uşaqların fiziki, əqli və yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün müasir təlim üsullarının tətbiqi onlarda davranış pozuntularının aradan qaldırılması və ətraf aləm haqqında biliklərin formalaşmasını təmin etmək məqsədi daşıyıb. Proqramın icrası müddətində məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan tədris prosesində “Sual-cavab”, “Beyin həmləsi”, “Əşyaların qeyri-adi ifadəsi”, “Şəkillərlə öyrənirəm”, “Səhnələşdirmə”, “Tap-tapmaca” kimi təlim üsulları tətbiq edilib. Həmin müəssisələrdə təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması da diqqət mərkəzində olub, bu məqsədlə təşkil edilən 15 kursa 253 müəllim, metodist və tərbiyəçi cəlb olunub. Qeyd etmək lazımdır ki, bu sosial kateqoriyanın nümayəndələrinin məktəb mühitinə hazırlanması üçün məktəbəqədər təhsil müəssisələrində təşkil olunan təlim-təhsil işləri mühüm önəm kəsb edir.

Sağlamlıq imkanları məhdud 372 uşaq
ümumtəhsil müəssisələrinə cəlb olunub

Belə uşaqların əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasında ümumtəhsil məktəblərində aldıqları təhsil həlledici rol oynayır. Təhsil sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmasının ən mühüm vasitəsi hesab olunur. Onların ümumi inkişafının təmin edilməsi fiziki və əqli xüsusiyyətlərinə uyğun olaraq təhsil almalarından çox asılıdır. Dövlət Proqramında bu qəbildən olan uşaqların müxtəlif statuslu təhsil müəssisələrinə cəlb edilməsi ilə bağlı mühüm tapşırıqlar nəzərdə tutulub. Bu tapşırıqların icrası diqqət mərkəzində saxlanılıb, 2016-2020-ci illərdə mövcud potensialları nəzərə alınaraq 372 sağlamlıq imkanları məhdud uşaq ümumtəhsil müəssisələrinə cəlb edilib. Proqram çərçivəsində Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə, ümumilikdə, 14 uşaq cəlb olunub.

Tədrisin ənənəvi forması ilə yanaşı, distant dərslərin də təşkili uşaqların keyfiyyətli təhsil alması üçün çoxşaxəli fəaliyyətin həyata keçirilməsi deməkdir. Bu fəaliyyət uşaqların tədris prosesində müasir texnoloji yeniliklərdən faydalanması üçün geniş şərait yaradır. Müxtəlif fiziki və əqli xüsusiyyətlərə malik məhdud fiziki imkanlı uşaqlar üçün distant dərslərin təşkil edilməsinin əhəmiyyəti daha çoxdur. Bunlar əsas götürülərək Dövlət Proqramında bu kateqoriyadan olan uşaqların distant dərslərə cəlb edilməsini nəzərdə tutan tapşırıqlar müəyyən olunub. Bu tapşırıqların icrası istiqamətində 2016-2020-ci illərdə əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən, lakin hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən 25 sağlamlıq imkanları məhdud uşaq distant tədrisə cəlb edilib. Həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə məhdudiyyətli şəxslər üçün fəaliyyət göstərən distant dərslərdə 13 uşağın iştirakı təmin olunub.

Ümumtəhsil müəssisələrində təhsil alan və distant tədrisə cəlb olunmuş məhdud fiziki imkanlara malik uşaqların muxtar respublikanın muzeyləri ilə 65, Şahmat Mərkəzi ilə 54, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə 39 interaktiv dərsdə iştirakının təmin edilməsi onlarda yeni tarixi, mədəni və digər xarakterli təsəvvürlərin formalaşmasında önəmli rol oynayıb.

Müvafiq kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiya təmin edilib

Muxtar respublikamızda müvafiq sosial kateqoriyaya aid uşaqların uşaqlara xüsusi həssaslıqla yanaşılması, yaşıdları ilə bərabər təhsil imkanlarının yaradılması onların cəmiyyətə asanlıqla inteqrasiya olunmasını təmin edir. Dövlət Proqramının icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların təminatını nəzərdə tutan və ənənəvi xarakter alan tədbirlərin mütərəqqi əhəmiyyəti vardır. Proqramın icrası müddətində hər il bu məqsədlə belə uşaqlarla görüşlər keçirilib, onlar məktəbli geyimi, dərs ləvazimatları və qış geyimi ilə təmin olunublar. Ümumilikdə, 319 uşağı əhatə edən bu tədbirlər sağlamlıq imkanları məhdud uşaqlara göstərilən qayğının bariz nümunəsidir.

Kadrların pedaqoji hazırlığı və təcrübəsi qarşıya qoyulan
vəzifələrin icrasında əhəmiyyətli amildir

Uşaqların təhsil vasitəsilə cəmiyyətə inteqrasiyasının təmin edilməsinə onların tədrisi ilə məşğul olan kadrların pedaqoji hazırlığı və təcrübəsi mühüm təsir göstərir. Bu məqsədlə Dövlət Proqramında müəyyən edilmiş tapşırıqların icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı ibtidai sinif müəllimləri, məktəb psixoloqları və distant tədris üzrə pedaqoji kadrlar üçün 8 seminar təşkil edilib. Həmin seminar və konfranslarda, ümumilikdə, 898 ibtidai sinif müəllimi, məktəb psixoloqu və distant tədris üzrə pedaqoji kadrların iştirakı təmin olunub, 200-dən çox elektron vəsait hazırlanaraq məktəblərə paylanılıb. Həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölməsinin mütəxəssislərinin iş təcrübəsini artırmaq məqsədilə 24 təlim keçirilib, mərkəzin 9 mütəxəssisi Bakı şəhərində keçirilən ixtisasartırma kurslarında iştirak edib. Məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllim-defektoloqu və müəllim-psixoloqu Bakı şəhərində fəaliyyət göstərən Müasir Psixologiya Mərkəzinin mütəxəssislərinin onlayn şəkildə təşkil etdikləri “İnkişaf və yaş psixologiyası” adlı ixtisasartırma kursunda sertifikat alıblar.

Uşaqların qabiliyyətlərinin aşkar olunması
onların cəmiyyətə inteqrasiyasına şərait yaradır

Sağlamlıq imkanları məhdud uşaqların müxtəlif sahələr üzrə qabiliyyətlərinin aşkar olunması onların cəmiyyətə inteqrasiyasında böyük əhəmiyyətə malik stimullaşdırıcı tədbirdir. Uşaqların malik olduğu fərqləndirici qabiliyyətlərin inkişafı üçün çalışmalarına yaradılan şərait onların daha da həvəslənməsinə və yaşıdları ilə faydalı rəqabət apara bilməsinə səbəb olur. Proqramın icrası müddətində bacarıq və maraqları nəzərə alınaraq sağlamlıq imkanları məhdud 147 uşaq musiqi məktəblərinə, 265 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərinə, 532 uşaq muxtar respublikada fəaliyyət göstərən idman məktəblərinə cəlb edilib. Həmçinin bu dövrdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində kompüter, artterapiya kursları, kinekt oyunları, musiqi və əmək terapiyası otaqları fəaliyyətini davam etdirib. Artterapiyaya cəlb edilən uşaqlar üçün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən ustad dərsləri keçilib. Dövlət Proqramının icrası məqsədilə mərkəzdə təşkil edilən məşğələlərə, ümumilikdə, 376 uşaq cəlb olunub. Görülən işlər sağlamlıq imkanları məhdud uşaqların müxtəlif istiqamətlər üzrə bacarıqlarının üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb edir.

Asudə vaxt səmərəli təşkil olunur

Bu bacarıqların aşkar edilməsinin digər mühüm vasitəsi isə məhdud fiziki imkanlara malik uşaqların asudə vaxtının səmərəli təşkili üçün tədbirlərin keçirilməsidir. Proqramın icrası müddətini əhatə edən tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Naxçıvan şəhərində muzeylərə, tarix-memarlıq abidələrinə, istehsal və emal müəssisələrinə ekskursiyalar təşkil edilib, yarışların, sərgilərin və müsabiqələrin keçirilməsi, film və tamaşaların nümayişi diqqətdə saxlanılıb. 2016-2020-ci illərdə bu sosial kateqoriyanın nümayəndələri üçün 55 rəsm, 40 şeir, 24 inşa, 22 yaradıcılıq, 14 bilik müsabiqəsi, 253 idman tədbiri, 2 ekskursiya, 1 solo konsert, 1 onlayn görüş, 18 sərgi, 11 tamaşa və səhnəcik təşkil olunub, 610 uşağa səyyar kitabxana xidməti göstərilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Yay məktəbi” çərçivəsində sağlamlıq imkanları məhdud 136 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilib.

Maarifləndirmə ön plandadır

Bu kateqoriyadan olan uşaqlarla tədris prosesində maarifləndirici görüşlərin keçirilməsi, bu mütərəqqi prosesdə iştirak edən müəllimlərin və valideynlərin düzgün istiqamətləndirilməsi görülən işlərin faydalılıq səviyyəsini yüksəldən vacib amildir. Proqramın icrası müddətində məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı komissiya tərəfindən təhsil müəssisələrində monitorinqlər aparılıb, valideyn, şagird və müəllimlərlə 19 maarifləndirici görüş keçirilib.

Dövlət Proqramının icrasına uyğun olaraq maarifləndirmə məqsədilə kütləvi informasiya vasitələrinin imkanlarından da istifadə olunub, Naxçıvan Dövlət Televiziyasında “Sosial həyat”, “Həyat davam edir”, “Baxış bucağı”, “Günün sözü”, “Günaydın” proqramları üçün 128, Naxçıvan Dövlət Radiosunda “Nahar vaxtı”, “Sosial həyat”, “Cəmiyyət və inkişaf”, “Ailə və uşaq”, “Həyata dair” proqramları üçün 100-dən çox süjet və veriliş hazırlanıb, “Şərq qapısı” qəzetində 47 yazı dərc olunub.

Beləliklə, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası müvafiq kateqoriyadan olan uşaqların inklüziv təhsilə cəlbi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi sahəsində əldə edilən uğurların sayının artmasına səbəb olub.

AZƏRTAC-ın Naxçıvan bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.