REGİONLAR
Naxçıvanda sahibkarlara 25 milyon 69 min manat kredit verilib
Naxçıvan, 26 oktyabr, AZƏRTAC
Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada sahibkarlara 25 milyon 69 min 800 manat kredit verilib. Verilmiş kreditin 8 milyon 580 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16 milyon 489 min 800 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 37 hüquqi və 1876 fiziki şəxs qeydiyyata alınıb.
Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.