REGİONLAR
Naxçıvanda səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəldib
Naxçıvan, 29 iyul, AZƏRTAC
Muxtar respublikada səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəldib, əmtəə dövriyyəsinin həcmini genişləndirib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin yanvar-iyun aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 826 milyon 695 min 400 manat dəyərində istehlak malları satılıb və ödənişli xidmətlər göstərilib. Satılmış istehlak mallarının 97,1 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşüb.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərində “Naxçıvan Saray” kompleksinin, Culfa rayonunun Ləkətağ və Ordubad rayonunun Anaqut kəndlərində istirahət mərkəzlərinin, Dizə kəndində ticarət mərkəzinin tikintisi başa çatdırılıb.
Şərur rayonunun Vərməziyar, Babək rayonunun Vayxır, Ordubad rayonunun Kələki, Azadkənd, Xanağa, Unus və Pəzməri kəndlərində xidmət mərkəzlərinin tikintisi davam etdirilir.