REGİONLAR
Naxçıvanda sənaye məhsulunun istehsal həcmi artıb
Naxçıvan, 1avqust, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında muxtar respublikada 511 milyon 840 min 500 manat həcmində sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 3 faiz üstələyib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulu istehsalının 96,6 faizi malların, 3,4 faizi isə xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 18 milyon 510 min 800 manatlıq, qeyri-dövlət sektorunda isə 493 milyon 329 min 700 manatlıq məhsul istehsal olunub. İstehsal olunan sənaye məhsulunun 96,4 faizi özəl sektorun payına düşüb.
Cari ilin ötən dövründə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 20 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 32 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması hazırda davam etdirilir.
Sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən 2016-cı ilin yanvar-iyun ayları ərzində təsərrüfat subyektlərinə 370 min manat həcmində kreditin verilməsi təmin olunub.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərib, cari ilin ilk altı ayında 148 milyon 950 min 100 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac edilib.