REGİONLAR


Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib

Naxçıvan, 10 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində muxtar respublikanın Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15 sentyabr - Bilik Günü münasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Təhsil naziri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin sistemli xarakter aldığını, bu kateqoriyadan olan uşaqların məktəbəqədər, ümumtəhsil, məktəbdənkənar təhsil müəssisələrinə cəlb edildiklərini bildirib.

Nazir deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada Gözdən Əlillər üçün Xüsusi İbtidai Məktəb, Distant Tədris Mərkəzi, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılıb, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlayıb, təhsilin təşkili ilə əlaqədar görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilib. Yaradılan şərait, onların vaxtaşırı zəruri ehtiyaclarının ödənilməsi sağlamlıq imkanları məhdud uşaqların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha nümayiş etdirir. Yaradılan şəraitin nəticəsidir ki, fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq həmin kateqoriyadan olan uşaqların öz həmyaşıdları ilə bərabər təhsilə cəlbinin davamlılığı təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxışında bildirib ki, muxtar respublikada məktəblilərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan sağlamlıq imkanları məhdud uşaqlar da kənarda qalmır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyəti dövlət qurumları ilə birgə bu kateqoriyadan olan uşaqlar üçün tolerant təhsil mühitinin formalaşdırılması məqsədilə təhsil müəssisələrində monitorinqlər aparır, bu istiqamətdə maarifləndirici görüşlər keçirilir. Onların istedadlarına uyğun ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarında və defektoloji bölmələrdə, həmçinin məktəbdənkənar müəssisələrin dərnəklərinə, musiqi məktəblərinə, idmanın müxtəlif növləri üzrə qruplara və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müvafiq bölmələrinə cəlb edilməsi istiqamətində zəruri işlər görülür.

Qarşıdan gələn yeni tədris ilinin başlanması münasibəti ilə tədbirdə iştirak edən uşaqların timsalında bütün uşaqları təbrik edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, muxtar respublikada dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqəti nəticəsində uşaqlar dövlət qayğısı ilə əhatə olunur, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili, intellektual və mənəvi inkişafı təmin edilir. Muxtar respublikada yaşayan bütün uşaqlar kimi valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid, aztəminatlı və çoxuşaqlı ailələrin uşaqları da dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə ediliblər. Belə ki, onların hüquqlarının qorunması, sosial müdafiələrinin gücləndirilməsi ilə bağlı müvafiq Dövlət proqramları qəbul edilir və icra olunur.

Sonda aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə məktəbli geyim formaları, çanta və dərs ləvazimatları verilib.

Hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 78, sağlamlıq imkanları məhdud 290, aztəminatlı ailələrin övladlarından isə 90 olmaqla, ümumilikdə 458 məktəbliyə təhsil sovqatı verilib.

Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, muxtar respublikanın rayonlarında da analoji tədbirlər qeyd olunan aidiyyəti təşkilatların və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.