REGİONLAR
Naxçıvanda soyuducu anbarlara 3 min tondan çox kartof tədarük olunub
Naxçıvan, 5 avqust, AZƏRTAC
Naxçıvanda meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə soyuducu anbarlara məhsul qəbulu davam edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iyulun 15-dən bu günə kimi anbarlara 3 min tondan çox kartof tədarük olunub.
Hazırda muxtar respublikada ümumi tutumu 20 min 900 ton olan 48 soyuducu anbar fəaliyyət göstərir. Soyuducu anbarlarda məhsulların keyfiyyətinə, saxlanma temperaturuna xüsusi diqqət yetirilir.
Anbarlara tədarük edilən məhsulu soyuducu kameralarda uzun müddət saxlamaq mümkündür. Soyuducu anbarlar daxili bazarı keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin etməklə yanaşı, xaricdən idxalın azalmasına, ixracın isə artmasına, qiymət artımının qarşısının alınmasına münbit şərait yaradır.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” MMC tərəfindən meyvə və tərəvəz məhsullarının nağd alınaraq tədarük olunması istehsalçıların fəaliyyətini stimullaşdırmaqla yanaşı, əkin sahələrinin genişləndirilməsinə də töhfə verir. Belə ki, bu günə kimi 147 sahibkardan 460 tondan artıq kartof alınaraq cəmiyyətin anbarlarına tədarük olunub.