REGİONLAR


Naxçıvanda taxıl sahələrindən ötən illə müqayisədə 5,4 faiz çox məhsul yığılıb

Məhsuldarlıq orta hesabla hər hektardan 30,9 sentner olub

Naxçıvan, 15 avqust, AZƏRTAC

2019-cu ilin məhsulu üçün muxtar respublikada 62970 hektar sahədə əkin aparılıb, bunun 33308 hektarını və ya 52,9 faizini taxıl zəmiləri təşkil edib. 2018-ci illə müqayisədə taxıl əkini sahələri 825 hektar və yaxud 2,5 faiz artıb. Sahələrin 24 min 729 hektarında buğda, 8579 hektarında isə arpa əkilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ümumi əkin sahəsinin 4127 hektarı (12,4 faiz) Şərur, 10610 hektarı (31,8 faiz) Babək, 1685 hektarı (5,1 faiz) Ordubad, 6553 hektarı (19,7 faiz) Culfa, 5210 hektarı (15,6 faiz) Kəngərli, 1616 hektarı (4,9 faiz) Şahbuz, 2472 hektarı (7,4 faiz) Sədərək rayonlarının, 1035 hektarı (3,1 faiz) isə Naxçıvan şəhərinin payına düşüb.

Bu il taxıl sahələrindən 102 min 984 ton məhsul tədarük olunub ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 5295 ton və ya 5,4 faiz çoxdur. Yığılan məhsulun 77261 tonu buğda, 25 min 723 tonu isə arpadır. Məhsuldarlıq orta hesabla hər hektardan 30,9 sentner olub.

Əldə olunan məhsulun 13947 tonu Şərur, 33707 tonu Babək, 4785 tonu Ordubad, 18 min 993 tonu Culfa, 15 min 316 tonu Kəngərli, 4437 tonu Şahbuz, 8788 tonu Sədərək rayonlarının, 3011 tonu isə Naxçıvan şəhərinin payına düşüb.

Cari ilin taxıl biçinində orta hesabla 86 kombayn iştirak edib ki, bunun da 77-si sahibkarlara, 9-u isə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus olub.

Tədarük edilən buğdanın bir kiloqramının cari ildə 35, arpanın isə 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması taxıl əkininə və onun vaxtında itkisiz yığılmasına marağı daha da artırıb.

Muxtar respublikada məhsul istehsalçılarının texnika ilə təmin olunması məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 309 ədədi 2019-cu ilin yanvar-iyul aylarında olmaqla, ümumilikdə, 2684 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və avadanlığı alınaraq muxtar respublikaya gətirilib. Cari ilin yanvar-iyul aylarında 182 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və avadanlığı lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 2 ədədi nağd yolla satılıb.

Əkinçiliyin inkişafında başlıca şərtlərdən biri də məhsuldar toxum sortlarının yetişdirilməsidir. Yerli və rayonlaşdırılmış toxum sortlarından istifadə olunmaqla yetişdirilən toxum sortları muxtar respublikanın torpaq mülkiyyətçiləri və fermer təsərrüfatları tərəfindən istifadə edilməkdədir. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.

Taxılçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, məhsuldar toxum sortlarından istifadə, suvarma şəbəkələrinin genişləndirilməsi və əkin sahələrinin şırım üsulu ilə suvarılması bu sahənin inkişafına yeni imkanlar yaratmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.