REGİONLAR


Naxçıvanda təhsilverənlərin növbəti sertifikatlaşdırma imtahanları başlayıb

Naxçıvan, 17 yanvar, AZƏRTAC

Muxtar respublikada təhsilverənlərin karyera inkişafında, həmçinin əməyinin stimullaşdırılmasında nəzərə alınacaq sertifikatlaşdırma imtahanları başlayıb.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması və fəaliyyətinin gücləndirilməsi məqsədilə ikinci dəfə keçirilən sertifikatlaşdırma imtahanlarında ötənilki imtahanlarda müvafiq keçid balını toplaya bilməyənlər, üzrlü səbəblərdən iştirak etməyənlər və pedaqoji fəaliyyətinin 5 ili tamam olan müəllimlər iştirak edəcək.

Test və müsahibə mərhələsindən ibarət olan imtahanlarda təqdim olunan suallar təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə və tədris etdiyi fənnə aid olmaqla tərtib edilib. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramına aid 40, tədris metodikası və təlim strategiyasına aid 20 sual olmaqla, ümumilikdə, 60 sual təqdim olunur.

İki saat ərzində elektron qaydada keçirilən test mərhələsində hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir göstərmir. Test mərhələsi başa çatdıqdan dərhal sonra nəticə elan edilir və “Test imtahanının nəticəsi haqqında arayış” verilir.

Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılacaqlar. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər.

Qeyd edək ki, 2252 müəllimin iştirak edəcəyi və aprelin 7-ə qədər davam edəcək imtahanlar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında 2020-ci il 19 iyun tarixli Qərarına uyğun olaraq keçirilir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.