REGİONLAR
Naxçıvanda tələbələr yeni hakimlik kurslarına cəlb olunurlar
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Muxtar respublikada hamiliyə götürülmüş ixtisaslar üzrə təhsil alan tələbələrin pedaqoji kadr kimi formalaşması, təcrübələrinin artırılması məqsədilə onların idman sahəsinə cəlb olunmasına xüsusi diqqət yetirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində tələbələrlə keçirilən görüşdə ətraflı danışılıb.
Görüşdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Tahir Məmmədli ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb, budəfəki görüşün önəmindən bəhs edib. Hamiliyə götürülmüş ixtisaslar üzrə təhsil alan tələbələrin pedaqoji kadr kimi formalaşması, təcrübələrinin artırılması məqsədilə onların idman sahəsinə cəlb olunmasına xüsusi diqqət yetirildiyini qeyd edən Tahir Məmmədli tələbələrə ixtisaslarına uyğun idman növləri üzrə seminarların keçirilməsi üçün mütəxəssislərin bu işə cəlbi və gələcək perspektivlər barədə danışıb. Bildirilib ki, bu gün muxtar respublikamızda gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual inkişafının təmin edilməsi, onların gələcəyin əsl vətəndaşı kimi yetişdirilməsi üçün hər cür şərait yaradılıb.
Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev muxtar respublika gənclərinin aktiv idman həyatına qoşulması və karyera imkanları baxımından əlverişli şərait olduğunu diqqətə çatdırıb. Federasiya tərəfindən futbol sahəsinin inkişafı ilə bağlı hazırlanan beşillik proqramın həyata keçirilməsində gənc kadrlara üstünlük verildiyini deyən Sakit Rzayev həm hakimlik və məşqçilik sahəsində, həm də qurumun İcraiyyə Komitəsinin tərkibində gənclərin çoxluq təşkil etdiyini vurğulayıb.
Sonra Bakı şəhərindən dəvət olunan mütəxəssis, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Hakimlər Komitəsinin üzvü, FIFA dərəcəli hakim Elçin Məmmədov tələbələrlə fikirlərini bölüşüb. Azərbaycanda futbol və futzal hakimliyinin inkişaf yolu və perspektivləri haqqında danışan qonaq, bu məsuliyyətli peşədə çalışmağın qürurverici olduğunu deyib. Tələbələri yeni hakimlik kurslarına dəvət edən Elçin Məmmədov onların bu sahədə çalışması üçün istər Naxçıvan, istərsə də ölkə və beynəlxalq müstəvidə geniş imkanların olduğunu bildirib. İştirakçılarla maarifləndirici söhbətlər aparan mütəxəssis hakimliyə marağı olanlara kursların plan və proqramı barədə məlumat verib.
Görüşdə suallar cavablandırılıb. Sonra hakimlik kurslarında iştirak etmək istəyən 14 tələbənin qeydiyyatı aparılıb.