REGİONLAR


Naxçıvanda təşkil olunan “Tariximizi qoruyaq və yaşadaq” aksiyasında məktəblilər 463 eksponat toplayıblar

Naxçıvan, 2 dekabr, AZƏRTAC

Muxtar respublikanın ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan eksponatlar Mədəniyyət Nazirliyinə təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək ümumtəhsil məktəblərində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilən aksiyaların əhəmiyyətini vurğulayıb. Bildirib ki, aksiyanın keçirilməsində məqsəd tariximizin öyrənilməsi ilə yanaşı, onun qorunması və yaşadılması istiqamətində müəllim və şagirdləri fəal iştirakçıya çevirmək, onlara qədim maddi mədəniyyət nümunələrini toplayaraq muzeylərin zənginləşdirilməsi işinin vətəndaşlıq borcu olduğunu aşılamaqdır.

“Aksiya təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb, qədim maddi mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda olan tarixi və bədii əhəmiyyət daşıyan 463 eksponat müəllim və şagirdlərimiz tərəfindən toplanaraq bir araya gətirilib. Bunlara toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, daş əmək alətləri, pul nümunələri və digər məmulatlar aiddir”, - deyən Təhsil naziri aksiyanın 2020-2021-ci tədris ilində də davam etdiriləcəyini bildirib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxışında diqqətə çatdırıb ki, muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi mədəniyyət nümunəsi mühafizə olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, bu gün muxtar respublikada olan muzeylərlə ümumtəhsil məktəbləri arasında distant dərslər təşkil edilir, həmçinin yetişməkdə olan gənc nəsil üçün açıq dərslər keçilir. Bu ilin yanvar-noyabr ayları ərzində muzeylərdə məktəblilər üçün 10 interaktiv, 148 açıq dərs keçilib. Mövcud vəziyyətlə bağlı olaraq muxtar respublikanın muzeyləri aprel ayından etibarən onlayn fəaliyyət göstərir. Bu müddət ərzində muzeylər tərəfindən onlayn ekskursiyalar təşkil edilib, sosial şəbəkələrdə milli mədəniyyətimizi, milli tariximizi təbliğ edən videomateriallar nümayiş olunub. 2020-ci ilin yanvar ayından bu günə kimi muzeylərdə sosial şəbəkələr vasitəsilə 911 onlayn ekskursiya keçirilib.

Məktəbdə yaradılan yüksək təhsil şəraitindən danışan Kəngərli rayon Xok kənd tam orta məktəbinin direktoru Zal Rüstəmov bildirib ki, müstəqillik ideyalarına sadiq, milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında ətraflı biliyə malik şagirdlərin yetişdirilməsi üçün tədris prosesində onlarla mədəni sərvətlərin qorunması və yaşadılması mövzularında maarifləndirici söhbətlər aparılır. Bunun nəticəsidir ki, aksiyada Xok kənd tam orta məktəbi muxtar respublikanın ümumtəhsil məktəbləri arasında fərqlənib.

Naxçıvan Qarnizonu tam orta məktəbinin IX sinif şagirdi Ayla Allahverdiyeva aksiyanın onlarda böyük maraq doğurduğunu və asudə vaxtlarında axtarışda olaraq eksponatların toplanmasında həvəslə iştirak etdiklərini diqqətə çatdırıb.

“Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada fəal iştirak edənlər “Ən fəal təhsil şöbəsi”, “Ən fəal məktəb”, “Ən fəal müəllim”, “Ən fəal şagird” nominasiyaları üzrə diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Sonda toplanmış eksponatlardan ibarət sərgiyə baxış olub. Eksponatlar Təhsil Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinə hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.